“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
1. “Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi halının mövcud olmaması barədə Arayışın forması” təsdiq edilsin (1 nömrəli əlavə).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin.
_______________________________________________________
informasiya sisteminin adı (fiziki səxsin a.s.a, FİN-i və VÖEN-i, hüquqi şəxsin adı və VÖEN-i) barəsində son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi halı aşkar edilməmişdir.