Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq qərara alıram:
1. “Sosial sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın:
4.1.1. 2.1-ci bəndində nəzərdə tutulmuş ərizənin formasını;
4.1.2. 2.2-ci bəndində və 4-cü hissəsində nəzərdə tutulmuş məlumatların formasını;
4.1.3. 2.4-cü bəndində nəzərdə tutulmuş bildirişin formasını.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr 2017-ci il
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə uyğun olaraq sosial sığorta ehtiyatından istifadə qaydasını tənzimləyir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2.1. Sosial sığorta ehtiyatı sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissə çıxıldıqdan sonra qalan məbləğdə formalaşdırılır.
2.2. İdarəetmə xərclərinin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir.
3.1. Sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına;
3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə;
3.1.3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə.
3.2. Sosial sığorta ehtiyatından istifadəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edir.
3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalı əsasında formalaşan məbləği, habelə həmin Qanunun 20-ci maddəsində, həmçinin 2021-ci il yanvarın 1-dək qüvvədə olan 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.
3.4. Sosial sığorta ehtiyatında vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi xəzinə hesabı açılır.
3.5. Sosial sığorta ehtiyatının ilin sonunadək istifadə edilməmiş qalığı növbəti ilə keçirilir.
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə uyğun olaraq sığortaolunanlar üzrə xüsusi hesaba (bundan sonra - xüsusi hesab) əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
2.1. Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) Elektron Hökumət İnformasiya Sistemi və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.
2.2. Müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir.
2.3. Fərdi şəxsi hesabı olmayan şəxs üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsinə icazə verilmir. 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyası hüququna uyğun olaraq əmək pensiyası kapitalı formalaşan, lakin dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olmayan şəxslər üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsi onlara fərdi şəxsi hesab açıldıqdan sonra həyata keçirilir.
2.4. Xüsusi hesaba əlavə vəsait daxil olduqda bu barədə istifadəçinin öz ərizəsində qeyd etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə bildiriş göndərilir. Bildirişin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.
2.5. Xüsusi hesaba ödənilən əlavə vəsaitlərin məbləği əmək pensiyasının minimum məbləğinin 3300 mislindən çox ola bilməz.
2.6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pensiya təyinatı aparıldıqdan sonra həmin şəxs üçün xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsinə icazə verilmir.
3.1. Xüsusi hesaba ödənilən vəsaitlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq xəzinə hesabına mədaxil olunur.
3.2. Sığortaolunanlar üzrə ödənilən vəsaitlər məcburi dövlət sosial sığorta haqlarına əlavə olaraq dövlət sosial sığorta sistemində hər bir sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınır.
3.3. Fərdi şəxsi hesablarda qeydə alınan vəsaitlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq indeksləşdirilir.
3.4. Xüsusi hesaba mədaxil olunmuş vəsaitlərdən əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə istifadə edilir.
3.5. Sığortaolunanın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri xüsusi hesaba ödənilmiş əlavə vəsaitlərdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada pensiya təyinatı üçün istifadə etmək hüququna malikdirlər.
Hər bir sığortaolunan Elektron Hökumət İnformasiya Sisteminə daxil olub “Sığortaolunanlara məlumatların verilməsi” xidmətini seçərək xüsusi hesabla bağlı məlumatları real vaxt rejimində əldə edə bilər. Məlumatların formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.
5.1. Xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin idarə olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq qaydada aparılır.
5.2. Bu Qaydaya uyğun olaraq xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınması nəticəsində formalaşan pensiya kapitalına görə sığortaolunana əmək pensiyasının təyin edilməsini və ödənilməsini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasını təyin edən orqan həyata keçirir.
1. 25 yanvar 2019-cu il tarixli 483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 yanvar 2019-cu il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 1, maddə 73)
2. 18 may 2021-ci il tarixli 1341 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 448)
3. 21 sentyabr 2021-ci il tarixli 1447 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2021-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 987)
4. 18 noyabr 2023-cü il tarixli 2360 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 noyabr 2023-cü il, “Xalq” qəzeti, 19 noyabr 2023-cü il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1514)
5. 12 avqust 2025-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2025-ci il, “Xalq” qəzeti, 13 avqust 2025-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 761)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI