10.1. Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.
10.1-1. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin və ya məlumatlarin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
10.2. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
10.3. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr çətin həyat şəraitində olan və sosial xidmətə ehtiyacı olan şəxslərin müəyyən edilməsi və bu şəxslərin sosial xidmətə götürülməsi üçün onlar barəsində məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərirlər.
10.4. Bu Qanunun 10.2-ci və 10.3-cü maddələrinə uyğun olaraq çətin həyat şəraitində olan şəxsə (ailəyə) sosial xidmət göstərilməsi barədə digər şəxslərin müraciətləri zamanı bu Qanuna uyğun olaraq sosial xidmət göstərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.