Qanunvericilik › Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Sosial işçinin hüquqları və vəzifələri

Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquqları aşağıdakılardır:

15.1.1. işə qəbul olunarkən işəgötürənin vəsaiti hesabına tibbi müayinədən keçmək;

15.1.2. peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq;

15.1.3. xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri geyim və avadanlıqlarla təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq;

15.1.4. zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;

15.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

15.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır:

15.2.1. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək;

15.2.2. çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək;

15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək;

15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək;

15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

15.2.6. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək;

15.2.7. sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq;

15.2.8. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək;

15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

15.3. Bu Qanunun 15.1-ci maddəsində (15.1.4-cü maddə istisna olmaqla) nəzərdə tutulmuş hüquqlar və 15.2-ci maddəsində (15.2.1-ci və 15.2.7-ci maddələr istisna olmaqla) nəzərdə tutulmuş vəzifələr sosial xidmətçiyə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver