Qanunvericilik › Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Rayon aqrar islahat komissiyası

Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır.

Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir.

Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir.

Komissiya:

rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir;

rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir;

islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir;

bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir;

yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir;

islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver