Qanunvericilik › “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə (Prezidentin fərmanı, 12.07.2019) › Tam mətn

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə (Prezidentin fərmanı, 12.07.2019)

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə (Prezidentin fərmanı, 12.07.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri qaydalarını təsdiq etsin;

1.1.4. həmin Qanunun 6.6-cı maddəsinə uyğun olaraq, milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi qaydasını təsdiq etsin;

1.1.5. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydasını təsdiq etsin;

1.1.6. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının formasını, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 16.7-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını təsdiq etsin;

1.1.9. həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci, 5.4-cü, 6.6-cı, 11.4-cü maddələrində, 13.1-1-ci maddəsinin birinci cümləsində, 13.3-cü, 13.6-cı, 14.5-ci, 16.7-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci və 18.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.2-1. həmin Qanunun 13.1-1-ci maddəsinin birinci cümləsində və 13.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.0.18-ci maddəsində “orqan (qurum)” dedikdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs qismində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il

1. 16 dekabr 2023-cü il tarixli 2408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1669)

2. 17 iyun 2025-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Azərbaycan” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 551)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver