13.1. Texniki tənzimləmənin şamil olunduğu standartlaşdırma obyekti, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən malın, onunla əlaqəli prosesin, istehsal metodunun və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir.
13.1-1. Uyğunluq sertifikatının yaradılması, qeydiyyata alınması, qüvvəsinin dayandırılması, bərpası, ləğv edilməsi və yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir. Uyğunluq sertifikatı hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.
13.2. Uyğunluğun könüllü qiymətləndirilməsi uyğunluğu qiymətləndirən qurumlar tərəfindən akkreditasiya tələblərinə, milli standartlaşdırma qurumu tərəfindən qəbul edilmiş normativ sənədlərə və müvafiq beynəlxalq standartların tələblərinə əsasən aparılır.
13.3. Uyğunluq sertifikatının forması və təqdim edilməsi, uyğunluq nişanından istifadə və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.4. Uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə riayət etmədikləri təqdirdə, bu istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.
13.5. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təsərrüfat subyektləri ilə uyğunluq sertifikatının əldə olunması zamanı əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq monitorinqlər aparılmalıdır. Malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edildiyi halda, uyğunluq sertifikatının qüvvəsinin dayandırılması barədə qərar qəbul edilir və bazara buraxılmış malların dərhal geri qaytarılması şərti ilə 1 (bir) ay müddətində akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması təsərrüfat subyektlərindən tələb olunmalıdır. Qeyd olunan tələblərə riayət olunmadığı halda akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edilir.
13.6. Uyğunluq sertifikatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.