4.1. Standartlaşdırmanın məqsədləri aşağıdakılardır:
4.1.1. standartlaşdırma obyektinin sərbəst hərəkəti üçün şərait yaradılması və beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılması;
4.1.2. daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə standartlaşdırma obyektinin keyfiyyətinin və fiziki şəxslərin bacarıqlarının təkmilləşdirilməsi;
4.1.3. malların və onlara dair ehtiyat hissələrinin texniki, texnoloji və informasiya uyğunluğunun, eləcə də qarşılıqlı əvəz olunmasının təmin edilməsi;
4.1.4. mallarda və onların ehtiyat hissələrində olan müxtəlifliyin aradan qaldırılmasını və onların qarşılıqlı əvəz olunmasını təmin etməklə resurslara qənaət olunması və mallara çəkilən istehsal xərclərinin azaldılması;
4.1.5. istehlakçıların mallara (xidmətə, işə) dair tələb və gözləntilərinin müvafiq mallarda öz əksini tapmasına, eləcə də istehlakçılarda malların (işlərin, xidmətlərin) keyfiyyətinə dair etibarın formalaşdırılmasına və malın (xidmətin, işin) keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərilməsi, malın (xidmətin, işin) təhlükəsizliyinə və keyfiyyətinə dair istehlakçılara yanlış məlumatların verilməsinin qarşısının alınması;
4.1.6. dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması və regional və beynəlxalq standartlaşdırmada milli iqtisadiyyatın maraqlarının nəzərə alınması;
4.1.7. innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi;
4.1.8. təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi;
4.1.9. satınalmalar zamanı dövlətin maraqlarının qorunması.
4.2. Standartlaşdırmanın prinsipləri aşağıdakılardır:
4.2.1. bütün maraqlı tərəflərin standartlaşdırma prosesində bərabər şərtlər əsasında könüllü iştirakı;
4.2.2. standartlaşdırma üzrə normativ sənədlərin maraqlı tərəflərin konsensusu əsasında hazırlanması və qəbul edilməsi;
4.2.3. standartlaşdırmanın şəffaflığı;
4.2.4. dövlət standartlarının hazırlanmasında beynəlxalq və regional standartlardan istifadə edilməsi və onların həmin standartlara uyğunlaşdırılması;
4.2.5. standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasında elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və texnologiyaların tətbiqi;
4.2.6. standartlaşdırma üzrə normativ sənədlərin bir-birinə ziddiyyət təşkil etməməsi;
4.2.7. standartlaşdırmanın sistemliliyinin və kompleksliliyinin təmin edilməsi;
4.2.8. insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vuracaq standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasının qarşısının alınması;
4.2.9. istehlakçıların gözləntilərinin və bazarın tələblərinin nəzərə alınması;
4.2.10. istehsalçıların və istehlakçıların ehtiyaclarının ödənilməsi;
4.2.11. şəxsi maraqların ümumi maraqlardan üstün tutulmasının qarşısının alınması;
4.2.12. standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikasının texniki reqlamentlərinə uyğunluğu;
4.2.13. standartların könüllü xarakter daşıması.