Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;
su ehtiyatları — su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi;
su obyektinin istifadəçisi — su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;
su istehlakçısı — öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;
su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;
su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;
su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;
suların zərərli təsiri — su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri.