Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir.
Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir.
Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər.
Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.