Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;
kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;
su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;
istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir;
su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır;
məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur;
istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə etdiyi sudur;
tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır;
su (kanalizasiya) müəssisəsinin nümayəndəsi - səlahiyyətləri bu Qanunun 49-cu və 50-ci maddələrində nəzərdə tutulmuş vəzifəli şəxsdir;
yerli orqanlar - Azərbaycan Respublikasının Su Məcəlləsi, digər qanunvericilik aktları və bu Qanunla su təchizatı sahəsində səlahiyyətləri müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrdir;
su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri - su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir;
su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir;
qoşulma nöqtəsi – tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulma yeri;
fiziki qoşulma – sifarişçinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilmiş su və kanalizasiya xətlərinin su təchizatı və kanalizasiya müəssisələrinin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
qoşulma müqaviləsi – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəd;
qoşulma xidmətinə görə ödəniş – bu Qanunun 24-1.3-cü və 38.3-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün layihələndirilməyə, tikinti-quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qanunun 24-1.4-cü və 38.4-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ;
tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə texnoloji qoşulması – texniki şərtlərə uyğun olaraq tikinti obyektindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək yeni su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı və (və ya) kanalizasiya qurğularının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulması, yeni su kəmərləri və qurğularının yuyulması, zərərsizləşdirilməsi və sifarişçi ilə su təchizatı və kanalizasiya müəssisələri arasında qoşulma aktının tərtib edilməsi ilə bağlı göstərilən xidmət;
texniki şərtlər – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra – layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
məişət abonenti – yaşayış evlərində, mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxs.