1. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və:
a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun;
b) su təchizatı məişət (təsərrüfat)-içməli məqsədlər üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun.
2. Su təchizatı müəssisəsi razılaşdırılmış müddətlərə və şərtlərə uyğun olaraq bu maddənin şamil olunduğu hər hansı obyekti su ilə təchiz etməyə borcludur.
3. Su təchizatı müəssisəsi aşağıdakı hallarda su ilə təchiz etməkdən imtina edə bilər:
a) əgər yeni yaradılacaq su təchizatı sistemi, su təchizatı müəssisəsinin digər istehlakçıları məişət (təsərrüfat)-içməli və başqa məqsədlər üçün su ilə təminetmə sahəsində mövcud (sifarişin verildiyi vaxt) və proqnoz öhdəlikləri nəzərə alınmaqla, həddən artıq əlavə məsrəflərə səbəb olarsa;
b) əgər bu su təchizatı müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat)-içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradarsa;
c) əgər istehlakçının daxili su paylayıcı şəbəkəsinin vəziyyəti su kəmərləri xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlmirsə.
4. Bu maddədə nəzərdə tutulan obyektlərin su ilə təchiz olunması şərtləri və müddətləri tərəflərin bağladığı müqaviləyə əsasən, belə müqavilə olmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.