1. Ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün:
a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli;
b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli;
c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli;
ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir.
2. Müraciət edən tərəfindən kanalizasiya sistemlərinə qoşulmanın qaydaları və tələbləri pozulduğu hallarda kanalizasiya müəssisəsi obyekti qoşmaqdan, onun olduğu ərazidə tullantı sularının axıdılmasını və drenaj işlərinin aparılmasını yerinə yetirməkdən imtina edə bilər.
3. Müraciət edən ümumi istifadədə olan kanalizasiya sisteminə onun obyektinin qoşulmasına və tullantı sularının axıdılmasına imtina haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edə bilər.
4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.