1. Su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər:
a) mövcud qaydalara uyğun suölçən cihazların göstәricilәrinә və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə;
b) qoşulma xidmətinə görə ödəniş;
ç) su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna olmaqla).
2. Suyun keyfiyyətindən, tullantı sularının və tullantıların xüsusiyyətlərindən, xidmətin göstərilməsinin yerindən və mövsümündən, su təchizatının 24 saat ərzində və ya rejimli (fasilələrlə) olmasından asılı olaraq, su təchizatı və kanalizasiya müəssisələri bu maddənin 1-ci bəndində göstərilən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş ödəmələrə (tariflərə) artırılma və ya azaldılma əmsalları tətbiq edə bilərlər.
3. Su təchizatı və kanalizasiya müəssisələri, zərurət olduqda hər hansı istehlakçıya əlavə xidmət göstərmək üçün onunla əlavə müqavilə bağlamaqla, əlavə ödəmələrin verilməsini təklif edə bilərlər.
4. Həmin müqavilə, ilkin və təkrar qoşulma da daxil olmaqla, istehlakçı tərəfindən xidmətlərin ödənilməsi üzrə öhdəlikləri nəzərdə tuta və xidmət göstərilməsi prosesində ortaya çıxan su təchizatı və kanalizasiya müəssisələri ilə istehlakçı arasında münasibətləri tənzimləyə bilər.
5. İstehlakçı bu Qanunla müəyyən edilmiş qaydada qoşulma xidmətinə görə ödənişi su təchizatı və kanalizasiya müəssisəsinə ödəyir.
6. Qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisəsi vaxtı keçmiş ödənişlərin məbləğini istehlakçının akkreditiv hesabından silmək hüququna malikdir. Akkreditiv hesabın məbləği borcların ödənilməsinə kifayət deyildirsə, su təchizatı və kanalizasiya müəssisəsi borcların ödənilməməsi məsələsini məhkəmə qaydasında həll edə bilər. Bu qayda ödənişin hesabın ödənilmək üçün təqdim edildiyi gündən otuz gün keçdikdən sonra tətbiq olunur.
7. Akkreditivin məbləği göstərilmiş xidmətlərə görə borclar həcmində azalarsa, onda istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin tələbinə əsasən akkreditivin depozit məbləğini nəzərdə tutulmuş səviyyəyə qədər çatdırmalıdır.
8. Akkreditivin məbləği bu Qanunla nəzərdə tutulmuş aylıq xidmətlərə görə bütün ödənişlərin cəminin iki misli səviyyəsində müəyyənləşdirilir. Orta aylıq ödənişlərin hesabatı, bu istehlakçının daxil olduğu kateqoriyanın istifadə normalarını da nəzərə almaqla, əvvəlki altı ayın istehlakının orta qiymətinə və ya suölçən cihazın göstəricilərinə əsasən aparılır.
Akkreditivin məbləği su təchizatı və kanalizasiya müəssisəsinin razılığına əsasən hissə-hissə keçirilə bilər.
9. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə akkreditiv hesablaşmalar üzrə bu Qanunda öz əksini tapmayan məsələlər mövcud qanunvericiliklə müəyyənləşdirilir.