Qanunvericilik › Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.01.2000) › Tam mətn

Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.01.2000)

Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.01.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Suların dövlət uçotunun Qaydası” təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 17 yanvar 2000-ci il

1. Bu Qayda Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Bu Qayda Azərbaycan Respublikasının yerüstü və yeraltı su obyektlərinin istifadəçilərinin və dövlət monitorinqinin uçot məlumatlarına əsaslanaraq, suların dövlət uçotunun qaydalarını müəyyənləşdirir.

3. Suların dövlət uçotu müəyyən olunmuş qaydada müvafiq ərazidə mövcud olan su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin müntəzəm olaraq müəyyən edilməsindən ibarətdir.

4. Suların dövlət uçotu aparılarkən əldə edilən məlumatlar aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidir:

su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınmasının cari və perspektiv planlaşdırması üzrə dövlət proqramlarının işlənib hazırlanmasını;

su təsərrüfatı balanslarının tərtib edilməsi, dövlət su kadastrının aparılması və su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanmasını;

suların keyfiyyətinin, çayların sululuğunun və hidroloji şəraitinin dəyişməsinin proqnozlaşdırılmasını;

sudan istifadə ilə bağlı sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələr üzrə obyektlərin layihələşdirilməsini;

su təsərrüfatı sistemlərinin əməli idarə olunmasını;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində, o cümlədən suların keyfiyyət göstəriciləri üzrə normalaşdırılmanı;

suların zərərli təsirinin qarşısının alınması tədbirlərinin işlənib hazırlanmasını;

su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi tədbirləri üzərində dövlət nəzarətinin həyata keçirilməsini;

sərhəd su obyektlərinin su ehtiyatlarından istifadə və onların mühafizəsinə dair ərazilərarası su bölgüsünü və hövzədə müştərək sudan istifadənin tənzimlənməsini.

5. Suların dövlət uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aparılır.

6. Azərbaycan Respublikasının vahid dövlət su fondunu təşkil edən bütün sular su obyektləri, habelə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan fiziki şәxslәr tərəfindən istifadə edilən sular dövlət uçotuna alınmalıdır.

7. Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir.

9. Suların dövlət uçotu sahəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:

Yerüstü və yeraltı suların, onların istismar ehtiyatlarını nəzərə almaqla dövlət uçotunu aparır, həmin suların rejiminə və keyfiyyətinə müşahidəni təmin edir.

Yerüstü və yeraltı suların dövlət uçotu, onların rejimi və keyfiyyəti monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatlarının yeraltı suların kəşfiyyatı, onların rejiminin öyrənilməsi və balansı haqqında materialları əsasında, digər təşkilatların apardığı hidrogeoloji işlər nəticəsində alınmış məlumatlar istifadə olunmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq edilmiş forma və müddətlərdə həyata keçirilir;

aidiyyəti müəssisə, təşkilat və idarələri suların dövlət uçotu materialları əsasında yeraltı su obyektləri və onların hidrogeoloji rejimləri haqqında məlumatlarla, habelə müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı üçün tələb olunan hidrogeoloji proqnozlarla təmin edir;

yerüstü və yeraltı suların çirklənmə səviyyəsi üzərində müşahidə və nəzarəti təşkil edir, aidiyyəti müəssisə, təşkilat və idarələri yeraltı suların çirklənmə səviyyəsi, habelə təsərrüfat fəaliyyəti və hidrometeoroloji şəraitin təsiri nəticəsində yeraltı suların çirklənmə dərəcəsində ola biləcək dəyişikliklər barədə məlumatlarla müntəzəm olaraq təmin edir;

su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunun düzgün aparılmasına və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə nəzarəti təmin edir;

su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq məqsədilə (yerüstü və yeraltı sular bölmələri üzrə) müvafiq formalar təsdiq edir və onları bütün su istifadəçilərinə çatdırır;

su obyektlərinin istifadəçiləri və su istehlakçılarının hesabatları əsasında respublika üzrə sudan istifadə edilməsinin uçotunu aparır;

su obyektlərinin istifadəçilərinin və su istehlakçılarının qeydiyyatını aparır.

10. Sudan istifadəyə dair dövlət statistik hesabat formaları və onların doldurma qaydaları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən hazırlanır və Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilir.

12. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün sudan istifadə edənlər:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən hazırlanmış forma və müddətlərdə su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparırlar;

bütün sugötürücü və suatıcı qurucularda götürülən və atılan suların həcmini ölçmək üçün ölçü cihazları (su sərfini və səviyyəsini ölçənlər, başqa hidrometrik avadanlıq) və tullantı sularının keyfiyyətini ölçən cihazlar quraşdırırlar;

Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş formalar və onların doldurulma qaydaları əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə suların istifadəsinə dair statistik hesabat təqdim edirlər;

su obyektlərindən götürülən və onlara axıdılan suların müəyyən olunmuş rejiminin pozulması və qəza nəticəsində zərərli maddələrin su mənbələrinə axıdılması hallarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təcili xəbər verirlər.

13. Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.

1. 06 fevral 2002-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 2, maddə 101)

2. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

4. 10 may 2012-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 473)

5. 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2021-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 527)

6. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 aprel 2025-ci il, “Xalq” qəzeti, 11 aprel 2025-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 384)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver