Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən mülki müdafiənin əsas normativ sənədlərinə baxılması və təsdiq edilməsi haqqında respublika Prezidentinin 1992-ci il 31 iyul tarixli 93 nömrəli fərmanına müvafiq olaraq Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası mülki müdafiə qərargahı tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dəmir yolu İdarəsi, “Azəravtonəqliyyat” Dövlət Konserni ilə razılaşdırılmış “Sülh və Müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə” təsdiq edilsin.
Baş nazir S. HÜSEYNOV.
Bakı şəhəri, 6 avqust 1993-cü il
Bu Əsasnamədə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələblər müəyyən edilir.
1.1. Köçürmə (təxliyə) — adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
1.2. Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
1.3. Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları, habelə fövqəladə vəziyyətin tətbiqi nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
1.4. Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir; düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası; şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin həndəvərində yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları; ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası rayonları və fəlakətli daşqın zonaları, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilər; silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlar və cəbhəətrafı zolaqlar.
1.5. Təhlükəsiz zona — düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
1.6. Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi — fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar. Qalan əhali isə ərazi prinsipi üzrə — yaşayış yerlərindən köçürülür.
1.7. yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür. Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.
1.8. Əhalini köçürməyin əsas üsulu kombinasiyalı üsuldur; bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrində təhlükəli zonadan dərhal çıxarılır.
1.9. Hərbi dövrdə dərəcəli şəhərlərdən, onların rayonlarından və xalq təsərrüfatı obyektlərindən köçürülən əhalinin yerləşdiriləcəyi təhlükəsiz rayonlar və ya yaşayış məntəqələri əvvəlcədən təyin edilir. Bu zaman köçürülən ərazidə işini davam etdirəcək obyektlərin fəhlə və qulluqçularını, həmçinin zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün qüvvə və vasitə qruplarını, mümkün qədər yaxın yaşayış məntəqələrində yerləşdirmək nəzərdə tutulmalıdır. Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən marşrutlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və MM qərargahının orqanları tərəfindən bu şəhərin (rayonların) icra hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə əvvəlcədən razılaşdırılır. Köçürüləcək xalq təsərrüfatı obyektlərinin və digər təşkilatların bu yaşayış məntəqələrində yerləşdirilməsi məsələsi rəsmiləşdiriləndən sonra, əhalini qəbul edəcək şəhər və rayonların icra hakimiyyəti orqanları həmin obyekt və təşkilatlara lazımi qaydada tərtib edilmiş məskunlaşma orderləri verir və əhalinin həyat təminatı məsələlərini həll edirlər.
1.10. Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri adətən iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin təsir zonasının hüdudlarına çıxarılır; sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
1.11. Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər — şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
1.12. Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
müharibə dövründə — Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;
sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onların tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
2.1. Köçürmə (qəbul etmə) tədbirlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsinə görə ərazi və sahə idarəetmə orqanlarının rəhbərləri məsuliyyət daşıyırlar.
2.2. Mülki müdafiə qərargahları, fövqəladə hallar üzrə komissiyalar köçürmə barədə müvafiq rəhbərlik tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi üçün məsuliyyət daşıyırlar.
2.3. Mülki müdafiə xidmətlərinə və digər orqanlara onların təyinatına uyğun olaraq, köçürmə tədbirlərinin təminatı həvalə edilir.
2.4. Təhlükəli dövrdə respublikada köçürmə işlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası ümumi rəhbərlik edir.
2.4.1. Naxçıvan MR-də əhalinin köçürülməsinə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar üzrə komissiyası bilavasitə rəhbərlik edir.
2.4.2. Şəhərlərdən, rayonlardan, kənd və qəsəbə sovetliklərindən əhalinin köçürülməsinə bu rayonların və şəhərlərin icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər.
2.4.3. Fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, habelə li təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların köçürülməsinə sahələrin və obyektlərin fövqəladə hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər.
2.5. Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları yaranmış vəziyyətdən asılı olaraq həm yerli əhalinin köçürülməsi, həm də buraya köçürülən əhalinin qəbulu, yerləşdirilməsi və təminatı üzrə məsələləri həll edirlər.
2.6. Lazımi hallarda köçürmə marşrutlarında kənd rayonlarının bazası əsasında aralıq köçürmə məntəqələri yaradıla bilər.
2.7. Köçürülən (qəbul edilən) əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti başçılarının və onların yerlərdəki nümayəndələrinin qərarı ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır.
2.8. Köçürülən əhalini mütəşəkkil surətdə yola salmaq və qarşılamaq məqsədilə köçürmə marşrutlarında nəqliyyata minmək və düşmək üçün məntəqələr müəyyən edilir.
2.9. Əhalini piyada köçürmək üçün əvvəlcədən piyada dəstələrin hərəkət marşrutları müəyyənləşdirilir. Hər bir marşrut üçün marşrut rəisi və idarəetmə qrupu təyin edilir.
2.10. Köçürmə prosesini idarə etmək üçün əsasən, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər sahələrin bütün mövcud rabitə və xəbərdarlıq vasitələrindən istifadə olunur.
3.1. Əhalinin normal köçürülməsini təmin etmək məqsədilə köçürmə marşrutlarında və əhalinin məskunlaşdığı yerlərdə müvafiq ərazi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və MM qərargahları tərəfindən kəşfiyyat, müşahidə və dozimetrik nəzarət təşkil edilir.
3.2. Köçürülən əhalini daşımaq üçün hərbi və xüsusən vacib xalq təsərrüfatı yüklərinin daşınmasına cəlb olunmamış bütün nəqliyyatdan, o cümlədən də şəxsi nəqliyyat vasitələrindən istifadə edilir ki, bu da bilavasitə yol polisi və avtonəqliyyat Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və MM xidməti tərəfindən müvafiq plan üzrə yerinə yetirilir.
3.3. Köçürmə üzrə daşımaların plan-cədvəli köçürmə işləri ilə məşğul olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, respublika MM qərargahının regional idarəsinin və icra hakimiyyətinin MM qərargahının sifarişləri üzrə nəqliyyat orqanları (ümumi istifadədə olan nəqliyyat vasitələrinin sahibləri) tərəfindən tərtib olunur.
3.4. Əhalinin köçürülməsi dövründə şəhər sərnişin nəqliyyatının mövcud marşrutlarda gecə-gündüz fasiləsiz işləməsi planlaşdırılır; ən gərgin işləyən marşrutlara əlavə nəqliyyat vasitələri (avtobuslar, trolleybuslar, tramvaylar) ayrılır.
3.5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və MM qərargahının regional idarələri nəqliyyat orqanları ilə birlikdə ümumi köçürmə zamanı əhalinin daşınması planını tərtib etməklə yanaşı, qismən (əvvəlcədən) köçürülməsi üçün daşımaları da hesablayırlar. Belə hesablamalar sülh dövründəki hərəkət cədvəllərini pozmadan bütün nəqliyyat növlərinin gündəlik orta daşıma imkanları nəzərə alınmaqla tərtib edilir. Bütün daşıma planları və hərəkət cədvəlləri yol polis idarəsi və ya yerli polis şöbələri ilə qabaqcadan razılaşdırılır.
3.6. Qatarların, avtomobil dəstələrinin, gəmilərin daşımalar üzrə cədvəli pozularkən Azərbaycan Respublikası fövqəladə hallar naziri, MM Qərargahının rəisi, Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının sədri, şəhərlərin və rayonların icra hakimiyyəti başçıları nəqliyyat orqanlarının təklifi üzrə nəqliyyatla manevr etmək, yaxud ehtiyatda saxlanan avtomobil nəqliyyatından istifadə olunması barədə qərar qəbul edirlər. Belə hallarda Fövqəladə Hallar Nazirliyi, MM qərargahları və fövqəladə komissiyalar əhalinin köçürmə qeydiyyat məntəqələrinə gətirilməsi ardıcıllığını dəqiqləşdirir, həmçinin köçürmə planlarında müvafiq dəyişiklik edirlər.
3.7. Köçürülən əhali yolda özü ilə götürdüyü ərzaq ehtiyatı hesabına qidalanır, həmçinin ona uzaq məsafəyə aparılarkən Respublika Ticarət Nazirliyinin və Azərittifaqın ehtiyatları (vəsaiti) hesabına ərzaq (gündə bir dəfə isti xörək) verilməsi nəzərdə tutulur.
3.8. Köçürmə tədbirlərinə cəlb edilən avtomobil nəqliyyatı vasitələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma stansiyaları şəbəkəsindən istifadə olunur və bu zaman dərəcəli şəhərlərdəki (fəlakət zonalarındakı) yanacaq-sürtkü materialları ehtiyatları ilk növbədə sərf edilir. Kifayət qədər stasionar avtomobil yanacaqdoldurma stansiyaları olmayan marşrutlarda Azərbaycan Dövlət Yanacaq Komitəsinin qüvvəsilə səyyar avtomobil yanacaqdoldurma stansiyaları açılır.
3.9. Avtomobil dəstələrini (kolonnalarını) yaradan təşkilatların qüvvələri və təmir vasitələri hesabına köçürmə marşrutlarında nəqliyyat vasitələrinə texniki xidmət (təminat) təşkil edilir. Nasaz maşınların cari təmiri - zədələnmiş maşınlar toplanan məntəqədə, yaxud stasionar təmir müəssisələrində səyyar təmir-bərpa qruplarının qüvvə və vasitələrilə yerinə yetirilir.
3.10. Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın ərazi üzrə dövlət tibb müəssisələrinə həvalə olunur.
Çoxlu köçürülən əhali toplanan rayonlarda (yerlərdə) stasionar tibb müəssisələri çatışmayan hallarda əlavə tibb məntəqələri açılır.
Piyada köçürmə marşrutlarında tibb müəssisələri olmadıqda Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edirlər.
3.11. Güclü təsirli, radioaktiv və ya kimyəvi maddələrlə zəhərlənmiş əhalini sanitariya təmizlənməsindən keçirmək üçün əhalinin hərəkət marşrutlarında və məskunlaşması rayonlarında sanitar-yuyunma məntəqələrindən (SYM) və paltar zəhərsizləşdirmə stansiyalarından (PZS); avtomobilləri təmizləmək üçün nəqliyyatı zəhərsizləşdirmə stansiyalarından (NZS), nəqliyyat marşrutlarında zərərsizləşdirmə işləri üçün — zəhərsizləşdirmə komandalarından (qruplarından) istifadə olunur; bunlar Azərbaycan Respublikasının Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi, “Xidmət” Konserni, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, həmçinin mülki müdafiə hərbi hissələri tərəfindən təşkil edilir və bu işlərə Səhiyyə Nazirliyi tərəfindən nəzarət olunur.
3.12. Köçürmə dövründə ictimai asayişin qorunması üzrə tədbirlərin planlaşdırılması və yerinə yetirilməsi Azərbaycan Respublikası DİN ictimai asayişi mühafizə orqanlarına həvalə olunur.
3.13. Köçürmə (qəbuletmə) tədbirlərini həyata keçirən bütün orqanların vəzifəli şəxslərinin xidmət funksiyaları ərazi və sahə rəhbərləri tərəfindən müəyyən edilir.
1. 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 750)
2. 30 sentyabr 2004-cü il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 756)
3. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
4. 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
5. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264).
6. 2 oktyabr 2013-cü il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1194)
7. 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
8. 19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736)
9. 21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153)
10. 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)
11. 4 aprel 2022-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 390)
12. 5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)
13. 9 mart 2023-cü il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 431)
14. 28 iyul 2023-cü il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2023-cü il, “Xalq” qəzeti, 30 iyul 2023-cü il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1083)
15. 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 84)