Qanunvericilik › Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.

Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər.

Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, silahlı münaqişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver