İnşaat, təsərrüfat və digər işlər görülərkən, o cümlədən minatəmizləmə fəaliyyəti həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Bu halda inşaat, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə bilər.
İnşaat, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər, o cümlədən minatəmizləmə fəaliyyəti aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir.
Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, minatəmizləmə fəaliyyəti, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləmə fəaliyyəti və təsərrüfat işlərinin aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.