Qanunvericilik › Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir.

Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir.

Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır.

Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər.

Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver