Qanunvericilik › Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi Qaydaları (İqtisadiyyat Nazirliyi, 24.12.2003) › Tam mətn

Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi Qaydaları (İqtisadiyyat Nazirliyi, 24.12.2003)

Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi Qaydaları (İqtisadiyyat Nazirliyi, 24.12.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qaydalar “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununa və “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi prosedurunu müəyyən edir.

2. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təyin etdiyi akkreditə olunmuş ixtisaslaşdırılmış laboratoriyalar (bundan sonra - laboratoriyalar) tərəfindən aparılır.

3. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən taxıl məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə təhlil edilir və qiymətləndirilir.

4. Bu Qaydalar taxılçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil olunur. Taxıl məhsullarının keyfiyyətinə dair verilən rəylər bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşıyır.

5. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsində məqsəd istehsal, idxal və ixrac, eləcə də daxili bazarda satılan taxıl məhsullarının keyfiyyətini normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu nəzarət və arbitraj qaydasında müəyyən etmək, onların nəticələrini təsdiq edən sənədləri verməklə ölkədə istehlakçıların hüquqlarının müdafiəsini təmin etməkdir.

6. Laboratoriyalar taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi sahəsində aşağıdakı hüquqlara malikdirlər:

- istehsal, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan malların müəyyən olunmuş qaydada təqdim edilmiş, habelə laboratoriyanın mütəxəssisləri tərəfindən götürülmüş nümunələrin keyfiyyətini nəzarət qaydasında müəyyən etmək müvafiq sənədlər (sertifikat, sınaq protokolu, qiymətləndirmə (analiz) vərəqələri) vermək;

- taxıl məhsullarının keyfiyyətini və təhlükəsiziliyini təyin etmək üçün bütün analiz növlərini, yəni orqanoleptik, texniki, kimyəvi, mikotoksikoloji, kimyəvi-toksikoloji, bioloji, mikrobioloji, radioloji və s. analizləri aparmaq;

- nəmlik, turşuluq, zülal, kraxmal, qum, küllülük, pestisidlər, toksiki elementlər (ağır metallar), mikotoksinlər, zəhərlilik, yağ, şəkər, nitrat-nitritlər, radionukleidlər, bakterioloji yoluxma, nitrozaminlər, vitaminlər, düşmə ədədini və sair göstəriciləri təyin etmək;

- idxal-ixrac olunan taxıl məhsullarının xarici ölkələrdə qəbul edilmiş qabaqcıl metodlarla keyfiyyət göstəricilərini qiymətləndirmək;

- taxıl məhsullarının istehsalında istifadə olunan bütün xammal növlərinin nəzarət qaydasında müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən edib bu barədə rəy verərək müvafiq sənədlər (sertifikatı, sınaq protokolu, qiymətləndirmə (analiz) vərəqələri) tərtib etmək;

- taxıl məhsullarının nümunələrini arbitraj analizi məqsədi ilə saxlamaq və qiymətləndirmək.

7. Laboratoriyalarda keyfiyyət barədə faktiki obyektiv, dəqiq nəticələr yüksək texniki və təşkilati işlərin, sınaqların aparılması ilə əldə edilir. Bunun üçün aşağıdakı ehtiyatlardan istifadə edilir:

- texniki, o cümlədən sınaq avadanlıqları, ölçü cihazları, konkret sınaq növləri üçün reaktivlər, qurğular, otaqlar;

- lazımi materiallar, o cümlədən istilik, elektrik enerjisi, su və s.

- təşkilati işlər, laboratoriyanın əsasnaməsi, aparılan işlərin məsuliyyətini kəsb edən vəzifə təlimatları, məhsulun keyfiyyəti və sınaq metodları üzrə normativ sənədlər;

- sınaq vasitələrinə və onların istismarına dair tələblər, sınaqların əsasını təşkil edən normativ sənədlər.

8. Ölçü cihazları və qabları təsdiq olunmuş qrafikə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət agentliyi tərəfindən dövlət nəzarətindən keçirilir.

9. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi prosesi aşağıdakı mərhələlərdə keçirilir:

- taxılçılıq subyektlərindən və digər təşkilatlardan daxil olmuş sifarişlərin qəbulu, onlara baxılması və müvafiq müqavilələrin imzalanması;

- laboratoriyaya daxil olmuş xammal və ya hazır məhsul nümunələrinin “nümunələrin qeydiyyatı” jurnalında qeydə alınması, onlara qeydiyyat nömrələrinin verilməsi.

10. Sifarişçilərdə nümunələrin mənbəyi, tərtib olunma tarixi, nümunənin adı, çəkisi, qablaşdırmanın təsviri, möhürlənməsi, nümunənin götürülmə yeri, tarixi, məqsədi, təyin olunmalı göstəricilər qeyd edilir.

11. Daxil olmuş nümunələr “nümunə götürmə aktı” ilə müşayiət olunmalıdır. Nümunə götürmə aktındakılar qeyd olunmalıdır: nümunələrin götürülmə tarixi; müəssisənin adı, komissiyanın tərkibi, nümunənin götürülməsinin normativ sənədi; məhsulun adı, çəkisi, nümunə götürülən yer, nümunələrin sayı və miqdarı, nümunənin göndərildiyi təşkilatların adı, istehsal tarixi, istehsalçı, yükləmə tarixi, qablaşmanın təsviri, yüklənmə təyinatı, nümunə götürmənin məqsədi və s.

Akta keyfiyyət barədə sənədin surəti (sertifikat, keyfiyyət şəhadətnaməsi və s.) və digər sənədlər əlavə olunur.

12. Daxil olmuş nümunələr qiymətləndirmə məqsədi ilə saxlanmaq üçün ayrılır və analiz etmək üçün hazırlanır.

13. Müşayiətedici sənədlərə əsasən nümunələr analizlərin hazır olma müddəti göstərilməklə laboratoriyanın müvafiq bölmələrinə göndərilir.

14. Müşayiətedici sənədlərdə göstərilən analizlərin aparılması aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

- orqanoleptik göstəricilərin təyini;

- texniki göstəricilərin təyini;

- mikotoksikoloji göstəricilərin təyini;

- bioloji və mikrobioloji göstəricilərin təyini;

- kimyəvi-toksikoloji göstəricilərin təyini;

- kimyəvi göstəricilərin təyini;

- radioloji göstəricilərin təyini və s.

15. Mövcud şərait və işçi qüvvəsi imkan verərsə analizlər eyni zamanda aparılmalıdır. Analizlərin nəticələri işçi və laboratoriya jurnallarında qeyd edilir, bölmə rəhbəri rəhbəri tərəfindən nəticələr barədə rəy tərtib olunur.

16. Analizlərin aparılma müddəti normativ-texniki sənədlərdə göstərilən müddətdən çox olmamalı və nəticələr normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətdə və qaydada maraqlı şəxslərə verilməlidir.

17. Analizlərin nəticələrinə görə sınaq protokolları, qiymətləndirmə (analiz) vərəqələri və sertifikatlar tərtib olunur.

18. Nümunələr laboratoriya işçiləri tərəfindən götürülmədikdə analizin nəticəsi yalnız təqdim edilmiş nümunəyə, laboratoriya işçiləri tərəfindən götürüldükdə isə məhsulun bütün hissəsinə şamil edilir.

19. Analizin nəticələrinə əsasən sertifikatın verilməsi barədə qərar qəbul edilir. Sertifikatın verilməsindən imtina barədə bunun səbəbi göstərilməklə yazılı məlumat verilir.

20. Sertifikatların, sınaq protokollarının, qiymətləndirilmə (analiz) vərəqələrinin əsli sifarişçiyə verilir, əlyazması və surəti laboratoriyalarda saxlanılır.

21. Nümunə götürmə normativ-texniki sənədlərin tələblərinə uyğun aparılır.

22. Nümunə götürmə “nümunə götürmə aktı” və ya qiymətləndirmə (analiz) vərəqəsi ilə rəsmiləşdirilir.

23. Analiz edilmiş nümunələrin müəyyən olunmuş qaydada və normativ-texniki sənədlərin tələblərinə uyğun saxlanılır.

24. Analiz edilmiş nümunələrin laboratoriyada saxlama müddətləri:

- respublika daxilində göndərilən məhsullar üçün -1 ay;

- ixrac olunan məhsullar üçün: dəmir yolu vasitəsi ilə - 3 ay, su nəqliyyatı vasitəsi ilə - 6 ay;

- idxal olunan məhsullar üçün: dəmir yolu vasitəsi ilə - 1 ay, su nəqliyyatı vasitəsi ilə - 3 ay.

25. Hazır məhsullardan götürülmüş nümunələr normativ-texniki sənədlərdə göstərilən müddətdə saxlanılmalıdır.

26. Şikayət olduqda nümunələr şikayətin baxılma vaxtı tam qurtarana qədər saxlanılır.

27. Götürülmüş nümunələrə etiket əlavə olunur. Etiketin üzərində nümunə götürənin imzası, adı, soyadı və vəzifəsi, nümunənin götürülmə vaxtı və yeri, avtomobil, konteyner, vaqon və gəminin nömrəsi, adı, nümunənin və məhsulun miqdarı qeyd olunmalıdır.

28. Nümunələrin qaytarılması və ya silinməsi hər bir sifarişə görə sifarişçi ilə razılaşdırılmalıdır.

29. Sertifikatların, sınaq protokollarının, nümunə götürmə aktlarının qiymətləndirmə (analiz) vərəqələrinin formaları müəyyən edilmiş qaydada təsdiq olunur və hazırlanır.

30. Taxıl məhsullarının keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı laboratoriyaya təqdim olunan aşağıdakı sənədlər saxlanmalıdır:

- laboratoriyalarda qeydiyyatdan keçmiş sifariş;

- sertifikatın verilməməsi barədə əsaslandırılmış qərar;

- kontraktın surəti (keyfiyyət barədə qeydlər olduqda);

- nümunələrin götürülmə aktı və ya analiz vəsiqəsi;

- idxal olunan məhsullara gömrük yoxlaması barədə sənədin surəti;

- qiymətləndirmə (analiz) rəylərinin və ya sınaq protokolunun surəti;

- sertifikatın surəti;

- istehsalçı tərəfindən verilən uyğunluq və keyfiyyət sertifikatları.

31. Sənədlərin saxlanması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver