AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Teatr, konsert, sirk müəssisələrində olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR:
1. “Teatr, konsert, sirk müəssisələrində olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).
2. Kadrlarla iş və hüquq şöbəsinə (Q.Əsədov) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Ümumi şöbəyə (B. Əliyev) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.
"Teatr, konsert, sirk müəssisələrinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (bundan sonra “Kitabça” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq teatr, konsert, sirk müəssisələrində çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.
Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.
Tarif-ixtisas xüsusiyyətlərinin ”İşin xüsusiyyəti” hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatları və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.
Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.
Aşağı dərəcəli peşələrin tarif-ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.
Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, zay məhsulun növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.
Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.
Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.
Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.
İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.
Fəhləyə hər hansı bir dərəcənin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.
Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil, mədəniyyət və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.
İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.
İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.
İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.
Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.
Əsas işindən əlavə briqadaya da rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.
Səhnə ayaqqabılarının hazırlanması üzrə çəkməçi
Teatr kostyumlarının tikilişi üzrə dərzi
Musiqi alətlərinin təmirçi–kökləyicisi
Səhnə ayaqqabılarının təmiri üzrə çəkməçi
Teatr kostyumlarının təmiri üzrə tikişçi
İşin xüsusiyyəti. Atlasdan, sətindən, həsirdən və s. materiallardan yumşaq və bərk burunlu kişi və qadın ayaqqabılarının, o cümlədən balet ayaqqabılarının tikilişi. Müəyyən edilmiş ölçüdə ayaqqabı üstünün biçimi və biçilmiş yumşaq, bərk burunlu balet ayaqqabıları üzünün tədarükü.
Bilməlidir: tələb olunan çeşiddə ayaqqabı biçiminin və tikilişinin əsaslarını; istifadə olunan materialların xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Quruluşçu rəssamın eskizləri və göstərişləri əsasında atlasdan kişi və qadın, model üzrə mülki, idman ayaqqabılarının, eləcə də sirk artistlərinə ayaqqabıların müəyyən edilmiş ölçüdə biçimi və tikilişi.
Bilməlidir: tələb olunan çeşiddə ayaqqabı biçiminin və tikilişinin əsaslarını; istifadə olunan materialların xüsusiyyətlərini və tikilişi üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Əlbəsə üzrə sadə olan müasir mövzuda tamaşalara, konsertlərə, sirk proqramlarına və məşqlərə xidmət göstərilməsi. Quruluşçu rəssamın göstərişi ilə lazımi əlbəsənin, mebelin, pərdələrin, xalçaların komplektləşdirilməsi. Quruluşçu rəssamın eskizləri əsasında və göstərişi ilə sadə dekorların əlbəsə əşyaları, mebel, pərdələrlə tərtibatı. Qiymətli əlbəsə əşyalarının və mebelin qablaşdırılması və nəql edilməsi.
Bilməlidir: əlbəsənin, mebelin, pərdələrin, xalçaların mövcud fondunu; müxtəlif əlbəsə əşyalarının, mebelin, pərdələrin təyinatını; təmirin texnikasını; əlbəsə əşyalarının saxlanılma qaydalarını; qablaşdırma üsullarını və sanitariya profilaktikasını; maddi hesabatın forma və qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Əlbəsə üzrə orta mürəkkəb olan tamaşalara, sirk proqramlarına, konsertlərə və məşqlərə xidmət göstərilməsi. Quruluşçu rəssamın eskizləri əsasında və göstərişi ilə orta mürəkkəb dekorların əlbəsə əşyaları, mebel, pərdələrlə tərtibatı. Tamaşaların və məşqlərin işlənən rekvizitlərlə təmin edilməsi. Dekorların tərtibatı üçün çertyojların, sxemlərin və planların işlənib hazırlanmasında iştirak etmək.
Bilməlidir: əlbəsənin əsas üslublarını; boyaların təyinatını və istifadəsini; üzçəkmə, xarratlıq və butaforiya işlərinin əsaslarını; əlbəsənin yerləşdirmə sxemlərini və çertyojları; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Mövzusundan asılı olmayaraq əlbəsə üzrə mürəkkəb tamaşalara, sirk proqramlarına, konsertlərə və məşqlərə xidmət göstərilməsi. Quruluşçu rəssamın təsvirinə uyğun olaraq teatrın və başqa müəssisələrin fondlarından əlbəsənin, mebelin, pərdələrin komplektləşdirilməsi.
Bilməlidir: bütün stillərdə olan mebelləri; bütün stillərdə və əsrlərdə olan əlbəsə, pərdə və xalçaları; xarratlıq, butaforiya və üzçəkmə işlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 1 ildən az olmayaraq 5-ci dərəcəli əlbəsəçi peşəsində əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Parçadan, metaldan, taxtadan, kağızdan, sintetik və başqa materiallardan sadə butafor məmulatlarının hazırlanması, astarların (yapışqanlı, yağlı), zamazkanın, mastikanın, levkasın hazırlanması və onlarla butafor məmulatların emal edilməsi. Lazım olan rənglərin tərtib edilməsi. Dekorların müxtəlif hissələrinin və ya detallarının, butafor məmulatlarının rənglənməsi, sadə naxışın vurulması. Təbii ölçüdə müqəvvaların hazırlanması. Müxtəlif materiallardan olan bütün butafor məmulatlarının təmiri və bərpası, bədii dekorların əvvəlki rəngini və cizgi elementlərini saxlamaqla bərpası. Kağızdan və çitdən güllərin hazırlanması, bədii təsvir üçün qalın kətanı tarımlaşdırmaq və ona astar çəkmək.
Bilməlidir: müxtəlif materialların xüsusiyyətlərini və istifadə qaydalarını; butafor işində istifadə olunan alət və cihazları; ştamplama dəzgahının iş prinsipini; yapışqanın bişirilmə, zamazkanın, mastikanın, levkasın hazırlanma üsullarını; butafor məmulatlarının yığma, quraşdırma, emal və bərpa texnikasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Mürəkkəb butafor məmulatlarının hazırlanması. Müxtəlif materiallardan həcmli məmulatların yonulması, gipsdən modellər tökmək və mürəkkəb heykəltəraşlıq məmulatlarının hissələrini hazırlamaq. Yağlı və adi boyalardan rənglər düzəltmək, ipək, məxmər parçalardan güllərin hazırlanması, butafor məmulatlarına bədii naxışın vurulması.
Bilməlidir: qəliblərin hazırlanma üsullarını; istifadə olunan materialları və onların xüsusiyyətlərini; butafor məmulatlarına bədii naxışın vurulma üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Daha mürəkkəb, nadir butafor məmulatlarının bədii naxışla hazırlanması. Heykəllərin yapılması. Folqadan, bürüncdən, tekstolitdən işlərin yerinə yetirilməsi. Arxitektura detallarının və butafor məmulatlarının qızıla, gümüşə, metala oxşar işlənilməsi. Plastmasdan vakuum qurğularında butafor məmulatlarının hazırlanması.
Bilməlidir: karkasla birləşdirilmiş formaların hazırlanma texnologiyasını; vakuum qurğularında plastmasdan butafor məmulatlarının hazırlanma üsulunu və texnologiyasını; çertyojları; sxemləri; eskizləri; çertyojların, sxemlərin, nümunələrin lazım olan ölçüdə böyüdülməsinin texnikasını; odadavamlı qəliblərin hazırlanma üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 1 ildən az olmayaraq 5-ci dərəcəli butaforçu-dekorçu peşəsində əmək stajı tələbi qoyulur.
İşin xüsusiyyəti. Alt və yataq dəstlərinin, korset məmulatlarının, önlüklərin ölçülərinin götürülüb biçilməsi və onların təmiri zamanı yenidən biçilmə. Məmulatların fasonlarının seçilməsi, aktyorların əyninə ölçülməsi və biçilməsi. Hazır məmulatların müvafiq qaydada təhvil verilməsi. Təmir işlərinin sifarişçi ilə razılaşdırılması.
Bilməlidir: tələb olunan məmulat çeşidinin biçimi, tikilişi və təmirinin əsaslarını; istifadə olunan parçaların təyinatını və xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Müxtəlif çeşidli palto, kostyum və paltarların ölçülərinin götürülüb biçilməsi və onların təmiri zamanı yenidən biçilmə. Məmulatların fasonlarının seçilməsi, aktyorların əyninə ölçülməsi və biçilməsi. Hazır məmulatların müvafiq qaydada təhvil verilməsi.
Bilməlidir: tələb olunan məmulat çeşidinin biçimi, tikilişi və təmirinin əsaslarını; istifadə olunan parçaların xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Tarixi kostyumların, xəzdən üst geyimlərinin ölçülərinin götürülüb biçilməsi və onların təmiri zamanı yenidən biçilmə.
Bilməlidir: biçimin qabaqcıl üsullarını; biçimin, tikilişin, təmirin texnologiyasını; istifadə olunan parçaların və xəzlərin (o cümlədən süni) xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 1 ildən az olmayaraq 5-ci dərəcəli paltarbiçən peşəsində əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Alt və yataq dəstlərinin, korsetlərin, önlüklərin tikiş maşını ilə tikilişi. Düymələrin, furniturların əl ilə tikilişi. Məmulatların ütülənməsi və gözənməsi.
Bilməlidir: tikişin və ütüləmənin üsullarını; istifadə olunan parçaların növlərini və xüsusiyyətlərini; tikiş işinin texnologiyasını; tikiş maşınının işində xırda qüsurların aradan qaldırılması üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Müxtəlif çeşidli palto, kostyum və paltarların tikilişi, ütülənməsi, təmiri, bədii gözənməsi.
Bilməlidir: tikişin, ütüləmənin və təmirin üsullarını; teatr geyimlərinin tərkib hissələrini və detallarını; tikişin texnologiyasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Tarixi kostyumların, xəz üst geyimlərinin, səhnə geyimlərinin tikilişi, ütülənməsi.
Bilməlidir: tikişin, ütüləmənin və təmirin üsullarını; teatr geyimlərinin tərkib hissələrini və detallarını; tikişin texnologiyasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 1 ildən az olmayaraq 5-ci dərəcəli teatr kostyumlarının tikilişi üzrə dərzi peşəsində əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Musiqi alətinin bərpası üçün təmir işlərinin yerinə yetirilməsi. Musiqi alətlərinin kamertonla köklənməsi və bu zaman ayrı-ayrı notların bərabər səslənməsini təyin etmək məqsədilə xromatik qammanın bütün diapazonlar və ya ayrı-ayrı hissələr üzrə bir neçə dəfə çalınması. Musiqi alətinə yerində baxılma zamanı qüsur cədvəlinin gözdən keçirilməsi və onun mövcud qüsurlarla tutuşdurulması. Musiqi alətinin bütün hissələrinin səsin yaranması ilə qarşılıqlı əlaqəsinin və diapazonlar üzrə quraşdırma keyfiyyətinin yoxlanması.
Bilməlidir: xidmət etdiyi musiqi alətlərinin quruluşunu; detalların çeşidini, köklənməsi və tənzimlənməsi qaydasını; aşkar edilən qüsurların aradan qaldırılması üsullarını; musiqi savadının əsaslarını; orta musiqi təhsili həcmində musiqi alətində ifaçılığı; musiqi akustikasını; nəzarət akustika cihazlarının quruluşunu və köklənmə qaydasını; yayla çalınan musiqi alətlərinin optimal parametr xüsusiyyətlərinin əsaslarını və onların keyfiyyətinə qoyulan tələbləri; barmaqla çalınan musiqi alətlərinin baş və pedal mexanizmlərinin qarşılıqlı təsirini və onların çalınma xüsusiyyətlərini; səslənmə keyfiyyətinin müəyyənləşdirilməsi metodunu; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
5-ci dərəcə: əmək stajına tələb qoyulmadan yayla və barmaqla çalınan musiqi alətlərinin təmir və bərpa işlərini yerinə yetirdikdə;
6-cı dərəcə: əmək stajına tələb qoyulmadan orqanda kökləmə, tənzimləmə və xırda təmir işlərini yerinə yetirdikdə.
İşin xüsusiyyəti. Fetrdən, keçədən, zamşadan olan ayaqqabıların təmiri: dəridən, süni dəridən, rezindən və başqa əvəzedicilərdən altlıqların tikilməsi; dabanların bərkidilməsi, alt və üst hissələrin işlənilməsi; dabanlara üzlüyün çəkilməsi və sair xırda təmir işləri.
Bilməlidir: səhnə ayaqqabılarının təmirinin əsaslarını; istifadə olunan materialların təyinatını və xüsusiyyətlərini; təmirin üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Dəri ayaqqabıların kompleks təmir işlərinin yerinə yetirilməsi.
Bilməlidir: ayaqqabı təmirinin əsaslarını və üsullarını; istifadə olunan materialların təyinatını və xüsusiyyətini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Teatr-tamaşa müəssisələrində tamaşa və məşqlərin keçirilməsi üçün səhnənin sadə bərk və yumşaq dekorlarla quraşdırılmasında səhnə mexanizmlərinin idarə edilməsi. Stasionar və səyyar şəraitdə təşkil edilən tamaşalarda, habelə qastrollar zamanı səhnə əmlakının və avadanlığının cari təmirində, yükləmə-boşaltma işlərində iştirak edilməsi.
Bilməlidir: stasionar və səyyar şəraitdə təşkil edilən tamaşa və məşqlərin keçirilməsi üçün istifadə edilən mexanizmlərin işləmə prinsipini və quraşdırma texnologiyasını; səhnə avadanlığının texniki istismar qaydalarını; cari təmirin aparılması qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə hazırlığı kursu üzrə əlavə təhsil tələb olunur.
İşin xüsusiyyəti. Teatr-tamaşa müəssisələrində tamaşa və məşqlərin keçirilməsi üçün səhnənin yumşaq və iri həcmli bərk dekorlarla quraşdırılmasında mexanizmlərin idarə edilməsi. Quraşdırılma məşqlərinin keçirilməsi. Səhnə tərtibatı konstruksiyalarının hazırlanmasında, səhnə əmlakının və avadanlığının profilaktik təmirində iştirak. Stasionarda, səyyar tamaşalarda və qastrollarda səhnə əmlakının və avadanlığının yüklənib-boşaldılması işlərinə rəhbərlik.
Bilməlidir: tamaşa və məşqlərin keçirilməsi üçün xidmət edilən mexanizmlərin quruluşunu və səhnənin quraşdırılması texnologiyasını; səhnə əmlakının və avadanlığının nəql etmə üsullarını; profilaktik təmir işlərinin aparılma qaydasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə hazırlığı kursu üzrə əlavə təhsil və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Teatr-tamaşa müəssisələrində tamaşa və məşqlərin keçirilməsi üçün yumşaq dekorların bəzi elementlərindən istifadə etməklə səhnənin iri həcmli bərk dekorlarla quraşdırılmasında mexanizmlərin idarə edilməsi. Stasionar və səyyar şəraitdə təşkil edilən tamaşalarda, qastrollarda məşqlər və tamaşaların keçirilməsi zamanı səhnə quraşdırıcılarının işinin planlaşdırılması və onların işinə rəhbərlik. Dekorların yaxşı vəziyyətdə saxlanmasına və səhnə avadanlığının texniki vəziyyətinə nəzarət. Yeni tamaşaların maketlərinin və eskizlərinin qəbul edilməsi üzrə texniki komissiyanın işində, səhnə əmlakının və avadanlığının əsaslı təmirində iştirak. Yeni tərtibatın quraşdırılması üzrə işin təşkili. Səhnə avadanlığının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması. Səhnə əmlakının və avadanlığının düzgün saxlanılmasının və normal istismarının təmin edilməsi.
Bilməlidir: müxtəlif səhnə mexanizmlərinin quruluşunu və tamaşaların səhnə tərtibatının quraşdırılması texnologiyasını; səhnə tərtibatının saxlanılması və avadanlığın istismar qaydalarını; əsaslı təmirin aparılması qaydasını; teatr, sirk texnikası və texnologiyası sahəsində xarici ölkələrin təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: peşə hazırlığı kursu üzrə əlavə təhsil və 4-cü dərəcəli səhnə maşinisti peşəsində 1 ildən az olmayaraq əmək stajı tələb olunur.
6-cı dərəcə: 5-ci dərəcəli səhnə maşinisti peşəsində 1 ildən az olmayaraq əmək stajı, səhnə əmlakının və avadanlığının əsaslı təmir işlərini yerinə yetirdikdə.
İşin xüsusiyyəti. Alt, mətbəx və yataq dəstlərinin təmiri, düymənin üstünə parçanın çəkilməsi, ütüləmə və gözəmə. Paltarların və dəyişəklərin əl ilə və ya tikiş maşınında qısaldılması, köhnə yerlərinin dəyişdirilməsi. Elastik lentdən kişi və qadın kəmərlərinin, qalstukların, bantların, poqonların tikilişi. Sapın, düymələrin kostyumlara uyğunlaşdırılması.
Bilməlidir: parçaların növlərini və xüsusiyyətlərini; sadə əməliyyatların aparılması üsullarını; istifadə olunan avadanlığın iş prinsiplərini, quruluşunu, istismar qaydalarını və təyinatını; iynələrin nömrələrini və təyinatını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan peşə təhsili tələb olunur.
İşin xüsusiyyəti. Cari repertuar kostyumlarının təmiri. Teatr kostyumlarının çevirtdirilmə, ütülənmə, gözənmə, qısaldılma və təmir işləri.
Bilməlidir: parçaların növlərini və xüsusiyyətlərini; teatr kostyumlarının tərkib hissələrini və detallarını; tikiş maşınlarının quruluşunu və konstruksiya xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Səhnə geyimlərinin, tarixi kostyumların, xəz üst geyimlərinin təmiri.
Bilməlidir: təmirin üsullarını; geyimlərin tərkib hissələrini və detallarını; istifadə olunan avadanlığın istismar qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Peşə təhsili və 4-cü dərəcəli teatr kostyumlarının təmiri üzrə tikişçi peşəsində 1 ildən az olmayaraq əmək stajı tələb olunur.
İşin xüsusiyyəti. Heyvanların vəziyyətini təyin etmək məqsədilə onların müayinə edilməsi, məlumatları gündəlikdə qeyd edilməsi, yemləmə və suvermə. Heyvanlar saxlanılan yerlərin yığışdırılması. Döşənəcəyin dəyişdirilməsi, yem və su təknələrinin, yardımçı binaların, hovuzların yuyulması. Heyvanların yerləşdiyi binalarda tələb olunan temperaturun, nəmliyin və işıqlandırmanın təmin edilməsi. Yemin və qarışıq yemin hazırlanması. Xidmət olunan heyvan qrupunun sayının artırılması proqramının proqnozlaşdırılması və həyata keçirilməsi. Heyvanların biologiyasını öyrənmək üçün çöldə aparılan işlərdə iştirak etmək, eləcə də, lazım gələn hallarda onların tutulmasında, qeyd edilməsində, köçürülməsində və nəql edilməsində iştirak etmək. Xidmət göstərdiyi heyvan qrupunda olan körpə heyvanların süni yedizdirilməsi, onların əhliləşdirilməsi və onlarla sadə baytar manipulyasiyaların keçirilməsi.
Bilməlidir: biologiyanın əsaslarını və ona təhkim olunmuş heyvan qrupunun saxlanılma şəraitini; yemləmə və su vermə qaydasını; xidmət göstərdiyi qrupda olan heyvanların sayının artırılması, təlim edilməsi əsaslarını; qəfəslərin, volyerlərin, eləcə də sürülən və fiksasiya edilən qəfəslərin quruluşunu; təhkim olunan heyvan qruplarına xidmət göstərmək üçün sanitar-gigiyena və baytar tələblərinin əsaslarını; dezinfeksiya məhlullarından istifadə qaydalarını və onların hazırlanma üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan təhlükəli olmayan və saxlanılması sadə olan heyvanlara daha yüksək dərəcəsi olan heyvanlara baxan fəhlənin nəzarəti altında xidmət göstərdikdə;
4-cü dərəcə: 3-cü dərəcəli heyvanlara baxan peşəsində 2 ildən az olmayaraq əmək stajı;
5-ci dərəcə: 4-cü dərəcəli heyvanlara baxan peşəsində 3 ildən az olmayaraq əmək stajı, sərbəst hər hansı heyvan qrupuna (vəhşi, təhlükəli və xüsusi təhlükəli heyvanlar daxil etməklə) qulluq göstərdikdə.
İşin xüsusiyyəti. Maneji təchizetmə: əlbəsənin verilməsi, aparaturanın quraşdırılması və asılması. Təlxəklərin reprizlərində, nömrələrin və attraksionların məşqlərində iştirak. Heyvanların manejə çıxarılması və onların kulisdə qəbul edilməsi; sirkin ərazisində qəfəsdə olan heyvanların, əlbəsənin, aparatura və başqa sirk əmlakının nəql edilməsi. Manejdən kənarda xalçaların təmizlənməsi.
Bilməlidir: heyvanlarla rəftar qaydalarını; aparaturanın quraşdırma və asma sistemlərini; əlbəsədən istifadə qaydalarını; kanatların növlərini və bağlanma üsullarını; yükqaldırıcı mexanizmlərin quruluşu və istismarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və əmək fəaliyyəti dövründə staj keçmə və peşə hazırlığı kursunda əlavə təhsil tələb olunur.
4-cü dərəcə: 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı, tamaşa və məşq vaxtı artistlərin təhlükəsizliyinin və bədbəxt hadisələrin qarşısını alan tədbirləri həyata keçirdikdə.
İşin xüsusiyyəti. Növbəti tamaşanın və məşqin keçirilməsi üçün səhnənin quraşdırılması. Dekorların və mebelin səhnəyə və məşq otaqlarına qoyulması, yumşaq dekorların asılması. Səhnə maşinistinin göstərişi ilə antraktlar zamanı, eləcə də səhnədə dəyişiklik edilməsi zərurəti yarandıqda dekorların yerinin dəyişdirilməsi. Səhnə əmlakının və dekorların xırda təmir işləri, onların təmiz saxlanılması. Zərurət yarandıqda səs-küy yaradan aparatlarda işləmək. Stasionar və səyyar şəraitdə təşkil olunan tamaşalarda, habelə qastrollar zamanı dekorların və səhnə əmlakının daşınması, yükləmə-boşaltma işlərinin aparılması.
Bilməlidir: hər bir tamaşanın dekorunu və səhnə avadanlığını; səhnə təchizatını; dekorların və avadanlıqların quraşdırılması və bərkidilməsi qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və əmək fəaliyyəti dövründə staj keçmə və peşə hazırlığı kursunda əlavə təhsil tələb olunur.
3-cü dərəcə: 1 ildən az olmayaraq peşəsi üzrə əmək stajı, mürəkkəb quraşdırma işlərini yerinə yetirdikdə.
İşin xüsusiyyəti. Afişaların müəyyən edilmiş yerlərdə quraşdırılmış stendlərə yapışdırılması. Köhnə afişaların qoparılması və müəyyən olunmuş yerlərə tullanması. Yapışdırıcı məhlulun hazırlanması.
Bilməlidir: stendlər quraşdırılan yerləri; afişanın yapışdırılma qaydasını və yapışdırıcı məhlulun hazırlanma üsulunu; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: əmək stajına tələb qoyulmadan ümumi orta təhsil tələb olunur.
3-cü dərəcə: 1 ildən az olmayaraq peşəsi üzrə əmək stajı və afişada tarixi qeyd etdikdə.
1. 18 dekabr 2018-ci il tarixli 11-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180111, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il)