Qanunvericilik › “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.03.2008) › Tam mətn

“Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.03.2008)

“Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.03.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Teatrlara “akademik” və “milli” statusunun verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 7 mart 2008-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 7 mart tarixli 67 nömrəli qərarı ilə

Bu Qayda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə teatrlara “akademik” və “milli” statusunun verilməsi qaydasını müəyyən edir.

Teatrlara “akademik” və “milli” statusu kollektivin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilir.

2. “Akademik” statusu aşağıdakı tələblərə cavab verən teatrlara verilə bilər:

yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil monumental tamaşalar hazırlayan;

çağdaş yaradıcılığı ilə Azərbaycan xalqının tarixi ənənələrinə dərindən bələd olan, onu demokratik prinsiplər əsasında inkişaf etdirən;

yaradıcılığında zəngin tarixi ənənələr və ümumbəşəri dəyərlər nümayiş etdirən, fəaliyyəti ilə beynəlxalq miqyasa çıxan;

ideya-bədii bütövlüyü, ictimai əhəmiyyəti ilə seçilən, uzunömürlü səhnə əsərləri yaradan;

öz repertuarını milli və dünya ədəbiyyatının klassik inciləri ilə zənginləşdirən, yaradıcılıq ittifaqları ilə iş birliyi quran, yazıçı, dramaturq və bəstəkarlarla, tanınmış istedadlı şəxslərlə yaradıcılıq mübadiləsi əsasında müntəzəm olaraq yeni orijinal əsərlərin hazırlanmasına zəmin yaradan, böyüməkdə olan gənc nəslin yüksək mənəvi, etik və əxlaqi tərbiyəsində müstəsna xidmətləri olan;

yaradıcı heyəti daim formalaşdıran, istedadlı gənclərin yaradıcılıq axtarışlarını dəstəkləyən, yaradıcı kollektivi peşəkarlıq tələblərinə uyğun istiqamətləndirən, qabaqcıl təcrübədən kollektivin inkişafı üçün istifadə edən;

görkəmli rejissor, dirijor və xoreoqrafların çalışdığı, mütəmadi olaraq beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edən;

fəaliyyətinə dair proqnoz göstəricilərini yerinə yetirən;

müasir idarəetmə sahəsində uğur qazanan, maliyyə və maddi resurslardan səmərəli istifadə edən, texniki və istehsalat sexlərində qabaqcıl iş üslubunu tətbiq edən, maddi-texniki bazasını möhkəmləndirən.

3. “Milli” statusu aşağıdakı tələblərə cavab verən teatrlara verilə bilər:

Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən;

regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rolu olan;

ümumi heyətinin əsas hissəsini yüksək dərəcəli sənətçilər təşkil edən;

istedadlı gənc kadrların, bakalavr və magistr pilləsində təhsil alan gənc rejissorların, dirijorların, baletmeyster və xormeysterlərin eksperimental yaradıcılıq axtarışlarını tənzimləyən, kollektivin inkişafına xidmət edən «kiçik səhnə» və studiyalar yaradan;

səhnəqrafiya, musiqi və xoreoqrafiya sahəsində yeni yaradıcılıq imkanlarının üzə çıxması üçün müntəzəm fəaliyyət göstərən;

ölkə əhalisinə yüksək səviyyəli mədəni xidmət göstərən, milli mədəni dəyərləri qoruyub saxlayan və təbliğ edən;

mütərəqqi beynəlxalq təcrübə əsasında müasir milli səhnə sənətinin hərtərəfli, ahəngdar inkişafını təmin edən yaradıcılıq axtarışları aparmaqla, novator səhnə formalarını tətbiq edən;

Azərbaycan dramaturgiyasının inkişafı yolunda yeni müəlliflər nəslinin yetişdirilməsinə şərait yaradan;

Azərbaycan dilinin səhnə vasitəsi ilə qorunub saxlanılması, zənginləşdirilməsi və təbliğini təmin edən;

əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

yüksək vətəndaşlıq, humanizm, vətənpərvərlik, habelə milli mənəvi dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

Qeyd. “Akademik” və “milli” statusuna təqdim olunan teatrın yaradıcılıq, istehsalat sahəsində son 10 il ərzində stabil fəaliyyəti və səmərəli istehsalat göstəricilərinə malik olması rəsmi sənədlərlə təsdiq olunmalıdır.

Teatr fəaliyyəti sahəsində yüksək peşəkarlıq nümayiş etdirməli, müstəqil ölkənin demokratik ənənələrini qoruyub saxlamaq üçün müstəsna xidmətlər göstərməlidir.

4. Teatrlara “akademik” və “milli” statusunun verilməsinə təqdimat və təltif olunma:

4.1. Teatrlara “akademik” və “milli” statusunun verilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aşağıdakı sənədləri təqdim etməlidir:

teatra statusun verilməsi üçün təqdimat məktubu;

Nazirliyin kollegiyasının bu barədə müvafiq qərarının surəti;

maliyyələşmə mənbəyi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış məlumat;

teatrın yaradıcılıq xasiyyətnaməsi;

teatrın son 10 il ərzində yaradıcılığını mediada əks etdirən materiallardan nümunələr;

teatrın son 10 ildə yaradıcılıq, istehsalat və maliyyə göstəricilərini əks etdirən arayış.

4.2. Teatra “akademik” və “milli statusunun verilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatrın yaradıcılıq fəaliyyətini öyrənmək məqsədi ilə tərkibi mütəxəssis, teatrşünas, sənətşünas-alimlərdən ibarət komissiya yaradır. Komissiyanın müvafiq təqdimatın verilməsi barədə rəyi nazirliyin kollegiyasında müzakirə olunur.

4.3. “Akademik” və “milli” statusu verilmiş teatrların bədii-yaradıcı heyətinin ştat sayı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir. Bu kollektivlərdə bədii-yaradıcı heyət ştat cədvəllərində fərdi qaydada müəyyənləşdirilə bilər.

4.4. “Akademik” və “milli” statusu verilmiş teatrların yaradıcılıq fəaliyyətlərində geriləmə müşahidə edilərsə və bu, tamaşaların bədii səviyyəsinin aşağı düşməsinə səbəb olarsa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəsatətinə əsasən teatr həmin statusdan məhrum edilə bilər.

5. “Akademik” və “milli” statusu verilmiş teatrların maliyyələşdirilməsi:

“Akademik” və “milli” statusu verilmiş teatrların maliyyələşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

1. 26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311)

2. 30 avqust 2023-cü il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 2 sentyabr 2023-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1281)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver