Qanunvericilik › Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri (Fövqəladə Hallar Nazirliyi, 27.07.2001) › Tam mətn

Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri (Fövqəladə Hallar Nazirliyi, 27.07.2001)

Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri (Fövqəladə Hallar Nazirliyi, 27.07.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu qaydalar "Texniki təhlükəsizlik haqqında "Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq hazırlanmış və təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların, maşın və mexanizmlərin, o cümlədən xaricdə istehsal olunanların istifadəsinin ümumi qaydasını və şərtlərini müəyyən edir və bu fəaliyyət dairəsində meydana çıxan münasibətləri tənzimləyir.

Qaydalarda nəzərdə tutulan müddəalar təşkilatı-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

2. Təhlükə potensiallı obyetlərdə istifadə olunması üçün təyin olunmuş texniki qurğular və avadanlıqlar:

texniki təhlükəsizlik tələblərinə münasib olmaqla, təsis edilmiş formada texniki təhlükəsizlik sertifikatına malik olmalıdırlar;

texniki qurğuların və avadanlıqların hazırlanması üzrə fəaliyyət növünün həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada alınmış xüsusi razılığı (lisenziyası) olan hüquqi və fiziki şəxslər tərəfindən icra oluna bilər;

təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2001-ci il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları"na uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçirilir.

3. Təhlükə potensiallı obyektlərdə istifadə olunan müxtəlif növ texniki qurğular istismara buraxılmazdan əvvəl qəbul sınağından keçməlidirlər.

Təhlükə potensiallı obyektlərdə tətbiq edilən texniki qurğuların, maşın və mexanizmlərin qəbul sınaqları, Dövdağmədəntexnəzarət Komitəsi və digər nəzarət orqanlarının nümayəndələrinin daxil olduğu və müəyyən olunmuş qaydada fəaliyyət göstərən qəbul Komissiyası tərəfindən həyata keçirilir.

Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi ilə razılaşdırılır.

Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.

Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı, obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır.

4. Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır.

5. Təhlükə potensiallı obyektlərdə istifadə edilməsi üçün təyin olunmuş texniki qurğunun, maşın və mexanizmin komplektinə daxil olan nəzarət-ölçü vəsaitlərinin növünü təsdiq edən uyğunluq sertifikatı olmalıdır.

6. Təhlükə potensiallı obyektlərdə istifadə edilmək üçün təyin olunmuş texniki qurğuların siyahısı Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi müəyyən edir.

7. Konkret növ texniki qurğunun və ya avadanlığın istifadə olunmasına icazə, onun qəbul sınaqlarının müsbət nəticələrinə və texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatına əsasən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi tərəfindən verilir.

8. Xaricdə istehsal olunmuş texniki qurğular, maşın və mexanizmlər Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun gəlmədiyi halda, istehsatçı (təchizatçı) təşkilat belə texniki qurğuların istifadəsinin təhlükəsizliyinin təmin olunması üzrə rəsmi şəkildə əlavə tədbir və tövsiyyələr təqdim etməlidir. Göstərilən texniki qurğuların, maşın və mexanizmlərin təhlükə potensiallı obyektlərdə tətbiq edilməsinin mümkünlüyünü, texniki təhlükəsizlik üzrə ekspertiza rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi müəyyən edir.

9. Təhlükə potensiallı obyektlərdə istifadə olunmaq üçün təyin olunmuş texniki qurğulara, avadanlıqlara, maşın və mexanizmlərə, istifadə edildiyi dövrdə texniki qulluq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada, həmin fəaliyyət növünün həyata keçirilməsinə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsindən xüsusi razılığı (lisenziyası) olan hüquqi və fiziki şəxs tərəfindən aparılır. Texniki qurğuların, maşın və mexanizmlərin saz halda saxlanılması üçün profilaktik işlərin həcmi və vaxtı bu qurğuların texniki istismar sənədləri ilə müəyyən olunmalıdır.

Göstərilən qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki baxışı üzrə işlərin aparılmasını, nəzarətin təşkilini və həyata keçirilməsini, təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxs yerinə yetirir.

Hüquqi və fiziki şəxs təhlükə potensiallı obyektdə texniki təhlükəsizlik üzrə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır.

10. İstehsalçı (təchizatçı) hüquqi və fiziki şəxs təhlükə potensiallı obyektlərdə istifadə olunması üçün təyin olunmuş texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin, (o cümlədən xaricdə istehsal olunanların) texniki sənədlərində bu qurğuların təhlükəsiz istismar şərtlərini, tələblərini və onların əsas qovşaqlarının nəzarət sınaqlarının (yoxlamalarının) aparılması metodikası imkanlarını və istismar ehtiyat müddətini, texniki xidmət göstərilməsi, təmiri və diaqnostika qaydalarını göstərməlidir.

11. Təhlükə potensiallı obyektlərdə istifadə edilməsi üçün təyin olunmuş texniki qurğuların və avadanlıqların hazırlanmasını, quraşdırılmasını, sazlanmasını, texniki xidmətini və təmirini, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsindən bu işlərin görülməsinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxs həyata keçirir.

12. Təhlükə potensiallı obyektlərdə istifadə üçün təyin edilmiş texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin istismarına və onlara texniki xidmət edilməsinə, texniki təhlükəsizlik sahəsində müvafiq qaydada təlim keçmiş və müəyyən olunmuş nümunədə sənədlərə malik olan şəxslər buraxılır.

Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsinin təşkil olunmasını və təhlükə potensiallı obyektlərdə dövlət nəzarətinin həyata keçirilməsini, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver