Qanunvericilik › Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2002) › Tam mətn

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2002)

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.07.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli, 269 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 8 iyul 2002-ci il

1.1. Bu Qaydalar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli, 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində yerləşən təhlükə potensiallı obyektlərin (bundan sonra – obyektlər) texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılan (bundan sonra – sertifikatlaşdırılan) texniki qurğularına və avadanlıqlarına sertifikatın verilmə qaydasını müəyyən edir.

1.2. Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə (bundan sonra – obyekti istismar edən şəxs) şamil edilir.

1.3. Obyektlərdə istehsal və istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların siyahısı Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunur.

1.4. Obyektlərin sertifikatlaşdırılan texniki qurğularına və avadanlıqlarına sertifikatın tərtib edilməsini, qeydiyyatını və verilməsini Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

1.5. Obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi ilə əlaqədar çəkilmiş xərclər obyektləri istismar edən şəxslər tərəfindən ödənilir.

1.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

1.7. Bu Qaydalar obyektdə istehsal və istifadə olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmir.

2. Sertİfİkatın verİlməsİ

2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismara qəbul edilən obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi üçün obyekti istismar edən şəxs obyektdə istehsal və istifadə olunan hər bir texniki qurğunu və avadanlığı səciyyələndirən məlumatları müəyyən olunmuş qaydada sənədləşdirərək, obyektin istismara qəbul olunduğu gündən ən geci 10 gün müddətində Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidir. Bu Qaydaların qüvvəyə mindiyi günə qədər istismara buraxılmış obyektlərin texniki qurğularının və avadanlıqlarının sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi isə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi müddət ərzində həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi təqdim edilən sənədlərə onları qeydə almaqla 15 gün müddətində baxır. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, bu barədə obyekti istismar edən şəxsə yazılı məlumat verilir. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır.

Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə, Fövqəladə Hallar Nazirliyi obyektdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və texniki qurğular və avadanlıqlar üçün sertifikatı tərtib edib qeydiyyatdan keçirərək, obyekti istismar edən şəxsə obyektdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların təsdiq olunmuş siyahısı ilə birlikdə (sertifikata əlavə) təqdim edir.

2.2. Obyektdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın alınması müəyyən olunmuş müddət ərzində həyata keçirilmədiyi yaxud obyekti istismar edən şəxs tərəfindən obyektdə sertifikatı olan texniki qurğular və avadanlıqlarla yanaşı, sertifikatlaşdırılmayan texniki qurğuların və avadanlıqların istismarına yol verildiyi hallarda Dövdağtexnəzarət Komitəsi həmin obyekti istismar edən şəxsə obyektdə istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılmasının və sertifikatın alınmasının son müddəti göstərilməklə bildiriş təqdim edir. Həmin bildirişdə göstərilən müddət ərzində obyektdə istifadə olunan texniki qurğuları və avadanlıqları sertifikatlaşdırmayan və sertifikatı almayan şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi göstərilir.

2.3. Obyektdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikat verildikdən sonra, onların konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilməklə dövlət standartının və yaxud texniki normativ sənədlərin təhlükəsizlik tələblərindən kənara çıxıldığı hallarda, obyekti istismar edən şəxs Fövqəladə Hallar Nazirliyinə bu barədə qabaqcadan məlumat verməyə borcludur.

Fövqəladə Hallar Nazirliyi konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilmiş texniki qurğuların və avadanlıqların yenidən sertifikatlaşdırılmasının yaxud əlavə yoxlama və sınaqların keçirilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər.

2.4. Sertifikatın forması və qüvvədə olma müddəti Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilir. Qüvvədə olma müddəti bitmiş sertifikat etibarsız sayılır.

2.5. Sertifikat Fövqəladə Hallar Nazirliyinin sədri (o olmadıqda, onun səlahiyyətlərini icra edən müavin) tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq olunur.

2.6. Sertifikat verilən texniki qurğular və avadanlıqlar haqqında məlumatlar Fövqəladə Hallar Nazirliyi və obyekti istismar edən şəxs tərəfindən aşağıdakı bölmələr üzrə sistemləşdirilmiş şəkildə toplanılaraq, texniki qurğuların və avadanlıqların obyektlərdə istismar müddəti ərzində saxlanılır:

a) texniki qurğuların və avadanlıqların yerləşdiyi obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi və obyektin kateqoriyası;

b) texniki qurğuların və avadanlıqların uyğunluq sənədləri;

c) sertifikatlaşdırma sınaq işlərinin aparılmasında tətbiq edilən metodik materiallar və sertifikatlaşdırma proqramı;

ç) akkreditasiya olunmuş sertifikatlaşdırma sınaq laboratoriyalarının (mərkəzlərinin) idarə mənsubiyyəti.

2.6-1. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara verilən texniki təhlükəsizlik sertifikatları haqqında məlumatların həmin portala ötürülməsini təmin edir.

2.7. Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birlikdə obyektdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara verilən sertifikatın və onun qüvvədə olması barədə məlumatların qeydiyyat formasını və onlara şamil edilən texniki təhlükəsizlik tələblərini, habelə sertifikatlaşdırma sisteminin strukturunu və onun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodikanı hazırlayıb, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdıraraq təsdiq edir.

3. Sertİfİkatın qüvvədə olma müddətİ ərzİndə texnİkİ təhlükəsİzlİk tələblərİnə rİayət olunmasına nəzarət

3.1. Sertifikat verilmiş texniki qurğuların və avadanlıqların obyektdə istismar müddəti ərzində Fövqəladə Hallar Nazirliyi obyekti istismar edən şəxsin iştirakı ilə texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması zamanı müəyyən edilmiş tələblərə müvafiqliyinin yoxlanılmasının keçirilməsini təmin edir. Obyektlərdə keçirilən yoxlamaların nəticələri Fövqəladə Hallar Nazirliyi tərəfindən aktla sənədləşdirilir. Sahibkarlıq subyektlərində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

3.2. Keçirilən yoxlamalarının nəticələrinə əsasən sertifikatın qüvvədə olma tələblərinə əməl olunmaması aşkar olunarsa, Fövqəladə Hallar Nazirliyi sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması yaxud onun qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edir. Aktlar Fövqəladə Hallar Nazirliyində saxlanılır, onun surətləri isə obyektli istismar edən şəxsə və yoxlamanın keçirilməsində iştirak etmiş digər şəxslərə göndərilir.

3.3. Texniki təhlükəsizliyin təmin olunması üzrə yeni normativ sənədlər tətbiq edildikdə, yaxud obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün qüvvədə olan normativ sənədlərdə və sınaq metodlarına (sertifikatlaşdırılan parametrlər hissəsində) dəyişikliklər edildikdə, Fövqəladə Hallar Nazirliyi tərəfindən obyekti istismar edən şəxsə bu barədə bildiriş göndərilir və obyekti istismar edən şəxsdən istismar etdiyi texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrlərinin yeni qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlərin görülməsi tələb olunur.

Bildirişin təqdim olunduğu gündən etibarən, bildirişdə göstərilən müddət ərzində obyekti istismar edən şəxs texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrlərinin yeni qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər planını Dövdağtexnəzarət Komitəsinə təqdim etmədikdə, verilmiş sertifikatın qüvvəsinə xitam verilir.

3.4. Obyekti istismar edən şəxs müəyyən edilmiş vaxt ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki qurğuların və avadanlıqların yoxlanılmasının keçirilməsi üçün imkan yaratmadıqda, Fövqəladə Hallar Nazirliyi sertifikatın qüvvəsinin 3 aya qədər dayandırılması barədə qərar qəbul edir və bu barədə obyekti istismar edən şəxsə məlumat verir. Bundan sonra da texniki qurğuların və avadanlıqların yoxlanılmasının keçirilməsi üçün imkan yaradılmadıqda sertifikatın qüvvəsinə xitam verilir.

3.5. Texniki qurğuların və avadanlıqların yoxlanılması keçirilən zaman texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrləri ilə normativ sənədlərin tələbləri arasında uyğunsuzluqlar aşkar edilərsə, Fövqəladə Hallar Nazirliyi aşağıdakı qərarları qəbul edə bilər:

a) normativ sənədlərin tələblərinə nisbətən aşkar edilmiş uyğunsuzluqların səbəbləri obyekti istismar edən şəxs tərəfindən, onun özünün işləyib hazırladığı təshihedici tədbirlərin həyata keçirilməsi yolu ilə akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqlar keçirmədən aradan qaldırıla bilərsə, sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması barədə;

b) obyekti istismar edən şəxs tərəfindən təshihedici tədbirlər planı Fövqəladə Hallar Nazirliyinə təqdim edilmədikdə yaxud normativ sənədlərin tələblərinə nisbətən aşkar edilmiş uyğunsuzluqlar obyekti istismar edən şəxs tərəfindən hazırlanmış təshihedici tədbirlərin tətbiq edilməsi ilə aradan qaldırılmadıqda və ya təshihedici tədbirlər planı yerinə yetiriləndən sonra, akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqların keçirilməsinə tәlәbatın yarandığı hallarda sertifikatın qüvvəsinə xitam verilməsi haqqında.

3.6. Sertifikatın qüvvədə olmasının müvəqqəti dayandırılması və ya sertifikatın qüvvədə olmasına xitam verilməsi barədə məlumat Fövqəladə Hallar Nazirliyi tərəfindən ən geci 5 gün müddətində obyekti istismar edən şəxsin və digər əlaqədar təşkilatların nəzərinə çatdırılır.

3.7. Obyektdə istifadə edilmək üçün əlavə quraşdırılan yaxud sertifikatı ləğv edilmiş və ya sertifikatının qüvvədə olma müddəti bitmiş texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

3.8. Obyekti istismar edən şəxs keçirilən yoxlamanın nəticələri ilə razılaşmadıqda, bu barədə qərarın verildiyi gündən ən geci 15 gün müddətinə Fövqəladə Hallar Nazirliyinə şikayət edə bilər. Təqdim olunan şikayətə, Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydə alınmaqla 10 gün müddətində baxılır və qəbul edilmiş qərar obyekti istismar edən şəxsə və digər əlaqədar təşkilatlara yazılı şəkildə göndərilir. Obyekti istismar edən şəxs Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda məhkəməyə müraciət edə bilər.

3.9. Sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanın (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2. 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430)

3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

4. 16 iyul 2014-cü il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 927)

5. 26 dekabr 2014-cü il tarixli 401 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1677)

6. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

7. 17 sentyabr 2018-ci il tarixli 396 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2018-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1924)

8. 24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2448)

9. 5 avqust 2023-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 avqust 2023-cü il, “Xalq” qəzeti, 10 avqust 2023-cü il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1265)

10. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver