16.1. Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir.
16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.
16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır.
16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.