Qanunvericilik › Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;

29.0.2. təhsil sisteminin inkişafına dair strategiyaları, konsepsiyaları və prioritet inkişaf istiqamətlərini müəyyən etmək;

29.0.3. təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;

29.0.4. kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;

29.0.5. təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq;

29.0.6. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;

29.0.7. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

29.0.8. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəyyən etmək;

29.0.9. peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək;

29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;

29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

29.0.10-2. orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

29.0.10-3. peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

29.0.11. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”, “Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemlərini yaratmaq və onlardan istifadəni təmin etmək;

29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;

29.0.13. dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;

29.0.14. dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;

29.0.15. təhsil pilləsinə uyğun olaraq təhsil müəssisələrinin, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;

29.0.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;

29.0.17. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;

29.0.18. təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək;

29.0.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;

29.0.20. təhsil haqqında dövlət sənədlərinin təsvirlərini və onların verilməsi qaydalarını təsdiq etmək;

29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;

29.0.22. təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;

29.0.23. təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;

29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və onu ləğv etmək;

29.0.25. peşə, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq etmək;

29.0.26. təhsil müəssisələrinə elmi-metodik, tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;

29.0.27. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

29.0.28. təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək;

29.0.28-1. bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun və xidmət haqlarının məbləğini müəyyən etmək;

29.0.29. təhsil müəssisələrində təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlər istisna olmaqla) və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və yekun attestasiyanı həyata keçirmək;

29.0.30. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;

29.0.31. ali təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək, elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq;

29.0.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;

29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;

29.0.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;

29.0.35. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;

29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;

29.0.37. təhsil proqramlarını (kurikulumları), tədris planlarını (ali və orta ixtisas təhsili müəssisələri üzrə tədris planları istisna olmaqla) və proqramlarını təsdiq etmək;

29.0.37-1. yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

29.0.37-2. təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

29.0.37-3. ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;

29.0.38. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;

29.0.39. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;

29.0.40. dövlət təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;

29.0.41. valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb edilməsini və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək;

29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin etmək;

29.0.42-1. ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;

29.0.43. dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;

29.0.44. təhsili idarəetmə orqanlarının və dövlət təhsil müəssisələrinin (adambaşına maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək;

29.0.45. təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək, elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri ilə fərqlənən təhsilalanlar, o cümlədən respublika fənn olimpiadalarının qalibləri üçün təltiflər, mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver