Qanunvericilik › Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər

Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

40.1. Müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

40.2. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz.

40.3. Müqavilədə və onun tərkib hissəsi sayılan digər sənədlərdə aşağıdakı müddəalar əks etdirilir:

40.3.1. telekommunikasiya xidmətindən istifadə üçün abunəçinin məxsusiləşdirmə kodu zəruri olduqda abunəçinin son avadanlığının qoşulma ünvanı;

40.3.2. xidmətin ödənilmə qaydası;

40.3.3. son avadanlığının telekommunikasiya şəbəkəsinə qoşulmasının və istifadəsinin müddəti (vaxtı) və şərtləri;

40.3.4. müqavilənin dayandırılmasının və ləğv edilməsinin şərtləri;

40.3.5. tərəflərin vəzifələri, hüquqları və məsuliyyəti;

40.3.5-1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar;

40.3.5-2. abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulması barədə qeyd;

40.3.5-3. abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə qeyd;

40.3.6. telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər;

40.3.7. abunəçiyə təklif olunan texniki qulluq;

40.3.7-1. bu Qanunun 33.1.3-1-ci maddəsində göstərilmiş vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı);

40.3.8. mübahisələrə baxılma qaydası;

40.3.9. abunəçi barədə məlumatların sorğu-məlumat mənbələrində göstərilməsinə onun razılığı (etirazı);

40.3.10. qanunvericiliyə zidd olmayan digər şərtlər.

40.3-1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanılmalı və həmin müqaviləyə abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti əlavə olunmalıdır.

40.4. Abunəçi telekommunikasiya xidməti üzrə bağlanılan müqavilənin şərtlərinin pozulması barədə iddia qaldırarsa, iddianın baxıldığı müddətdə telekommunikasiya xidmətindən məhrum edilə bilməz.

40.4-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər.

40.5. Fövqəladə hallar, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar və təbii fəlakətlər istisna olmaqla, hər hansı səbəbdən telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı və ya dayandırıldığı halda operator, provayder abunəçini onun səbəbləri və müddəti barədə əvvəlcədən məlumatlandırır.

40.6. Operator, provayder yenidən təşkil olunarsa, qanunvericilikdə müəyyən edilən tələblərə riayət etmək şərtilə abunəçinin əvvəlki operator, provayder ilə bağladığı müqavilə ilə müəyyən edilmiş hüquqları əsassız məhdudlaşdırıla bilməz.

40.7. Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver