7.1. Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.
7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır.
7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.
7.4. Telekommunikasiya operatoruna, provayderinə,eyni zamanda digər hüquqi və fiziki şəxslərə nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanan nömrə resurslarının ayrılması və istifadəsi qaydalarına uyğun olaraq həyata keçirilir:
7.4.1. operatorun, provayderin mövcud maddi-texniki bazasının genişləndirilməsi;
7.4.2. operatorun, provayderin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması;
7.4.3. sağlam rəqabətə şərait yaradılması;
7.4.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması.
7.5. Nömrə resursunun verilməsindən yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
7.6. Operatora, provayderə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar kommersiya sirri təşkil etmir.
7.7. Operator, provayder onun üçün ayrılmış nömrə resursunu və ya onun bir hissəsini yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər operatora, provayderə verə bilər.
7.8. Hüquqi şəxsin yenidən təşkili zamanı onun üçün ayrılmış nömrə resursu üzrə sənədlər, o cümlədən hüquqi varisin ərizəsi, bir neçə varis olduqda onların birgə ərizəsi əsasında təkrar ödəniş tələb olunmadan yenidən təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.
7.9. Ölkənin qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkələrinin nömrə resurslarının, o cümlədən beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə sistemini və planını, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır.
7.10. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.
7.11. Bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.