Bu qanunda aşağıdakı anlayışlar istifadə olunur:
terrorçuluq – ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir;
terrorçu – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir;
terror qrupu – terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsidir;
terror təşkilatı – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir;
terrorçuluğa qarşı mübarizə – terror fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması, habelə terror nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyətdir;
terror əleyhinə aparılan əməliyyatlar – terror aktlarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərksilah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aktı nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlərdir;
terror əleyhinə aparılan əməliyyat zonası – ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitələrində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və ona bitişik ərazilərdə və ya akvatoriyada əməliyyatların aparıldığı hüdudlardır;
terror fəaliyyəti – terror aktlarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aktlarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aktlarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyətdir;
beynəlxalq terror fəaliyyəti – terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyətdir.
terrorçuluğun maliyyələşdirilməsi – əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 214-4, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;
pul vəsaitləri və ya digər əmlak – əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, həmçinin bank kreditləri, yol çekləri, bank çekləri, poçt-göndərişləri, akkreditivlər, habelə səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar da daxil olmaqla, bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar.