Qanunvericilik › Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Terror əleyhinə aparılan əməliyyat zonasının hüquqi rejimi

Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Terror əleyhinə aparılan əməliyyat zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər:

1) zərurət olduqda küçələrdə və yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini buraxmamaq, nəqliyyat vasitələrinin yedəyə alınmasına icazə verməmək;

2) vətəndaşların və vəzifəli şəxslərin səlahiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;

3) terror əleyhinə əməliyyatlar aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəldilmiş hərəkətlər törədən şəxsləri tutmaq və onları müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

4) terror aktlarının qarşısının alınması, bu aktların həyata keçirilməsində şübhə edilən şəxslərin tutulması zamanı, əgər bu hərəkətlərin gecikdirilməsi insanların həyatını və sağlamlığını real təhlükəyə məruz qoyursa, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşların mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq təşkilatların, ictimai birliklərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə girmək;

5) terror əleyhinə aparılan əməliyyat zonasına gediş və ya bu zonadan çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşları, onların əşyalarını, nəqliyyat vasitəsi və nəqliyyat vasitəsində olan əşyaları, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin nəqliyyat vasitələri istisna olmaqla, texniki vasitələr tətbiq etməklə və ya etmədən gözdən keçirmək;

6) xidməti məqsədlər üçün, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin rabitə və nəqliyyat vasitələri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq vətəndaşlara, təşkilatlara, ictimai birliklərə məxsus olan rabitə və nəqliyyat vasitələrindən istifadə etmək.

Terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat qərargahının rəhbəri tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver