“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 avqust tarixli 812 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən etsin.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 noyabr 2020-ci il
* (Bu qaydanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 iyul tarixli 209 nömrəli Qərarı ilə yeni redaksiyada verilməsi 2028-ci il yanvar 1-dən qüvvəyə minir.)
1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və mülkiyyətindən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydasını müəyyən edir.
1.2. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksəkkeyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə aparılır.
1.3. Akkreditasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.
1.4. Komissiyanın tərkibi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq edilir.
1.5. Komissiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir Komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, Komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səsvermə zamanı Komissiyanın üzvləri bitərəf qala bilməzlər. Qərar qəbul edilərkən səslər bərabər olarsa, Komissiyanın sədrinin səsi həlledici hesab edilir.
2.1. Tibb müəssisələrinin akkreditasiyası hər 5 (beş) ildən bir həyata keçirilir.
2.2. Dövlət tibb müəssisələri və özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olan və həmin lisenziya üzrə ən azı 1 (bir) il fəaliyyət göstərən tibb müəssisələri akkreditasiyaya cəlb olunurlar.
2.3. Akkreditasiya zamanı aşağıdakı istiqamətlər üzrə tibb müəssisələrinin fəaliyyətinin müvafiq normativ hüquqi aktlara uyğunluğu qiymətləndirilir:
2.3.1. tibb müəssisəsinin ümumi idarə edilməsi, o cümlədən maddi-texniki bazasının və kadr potensialının formalaşdırılması, tibbi statistikanın aparılması;
2.3.2. təhlükəsizliyin təmin edilməsi (binanın təhlükəsizliyi, sanitariya-gigiyena və mühəndis-texniki vəziyyəti, infeksion nəzarət, tibbi tullantıların idarə edilməsi, tibbi avadanlıqlara nəzarət və farmakonəzarət və s.);
2.3.3. müalicə və pasiyentlərə xidmət (pasiyentin təhlükəsizliyinin və hüquqlarının təmin olunması, müayinə və müalicə tədbirləri, qidalanma və s.).
2.4. Tibb müəssisəsi akkreditasiyanın keçirilməsi üçün ərizə ilə Komissiyaya müraciət edir. Ərizəyə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq “Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyasına təqdim olunmalı sənədlərin Siyahısı”nın (bundan sonra - Siyahı) 2-5-ci hissələrində göstərilən sənədlər əlavə edilir.
2.4-1. Bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq “Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyasına təqdim olunmalı sənədlərin Siyahısı”nın 2-5-ci hissələrində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər tibb müəssisəsindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi tibb müəssisəsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya tibb müəssisəsi tərəfindən təmin edilir.
2.5. Komissiya ərizənin qəbul edildiyi gündən etibarən 10 (on) iş günü müddətində təqdim edilmiş sənədlərin Siyahıya uyğun olmasını və düzgünlüyünü yoxlayır. Sənədlər Siyahıya uyğun olduğu halda Komissiya 3 (üç) iş günü müddətində akkreditasiya prosedurunun başlanılması tarixi barədə tibb müəssisəsinə bildiriş göndərir.
2.6. Siyahıda göstərilən bütün sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar aşkarlandıqda, Komissiya 3 (üç) iş günü müddətində çatışmazlıqlar göstərilməklə müşayiət məktubu ilə təqdim olunan sənədləri tibb müəssisəsinə geri qaytarır.
2.7. Tibb müəssisəsinin sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ vardır.
2.8. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq tibb müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə Komissiyanın sədri tərəfindən yaradılmış işçi qrup tərəfindən aparılır.
2.9. İşçi qrup aparılmış qiymətləndirmənin nəticəsi barədə hesabat hazırlayaraq Komissiyaya təqdim edir.
2.10. Komissiya işçi qrupun hesabatı əsasında bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq sənədlərin qəbul olunmasından sonra 30 (otuz) iş günü müddətində tibb müəssisəsinin akkreditasiyadan keçib-keçməməsi barədə qərar verir.
2.11. Komissiya akkreditasiyadan keçmə barədə qərar verdikdən sonra 3 (üç) iş günü müddətində tibb müəssisəsinə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq “Tibb müəssisəsinin akkreditasiyası haqqında Şəhadətnamə” (bundan sonra – Şəhadətnamə) verir.
2.12. Şəhadətnamə almış tibb müəssisəsi, habelə şəhadətnamənin qüvvədəolma müddəti barədə məlumat bu Qaydanın 1.3-cü bəndində qeyd olunan müvafiq orqanın (qurumun) saytında yerləşdirilir.
2.13. Akkreditasiyadan keçməmiş tibb müəssisəsinə Komissiyanın əsaslandırılmış qərarı qəbul olunduğu gündən 3 (üç) iş günü müddətində göndərilir.
2.14. Akkreditasiyadan keçə bilməyən tibb müəssisəsi Komissiyanın qərarında göstərilən uyğunsuzluqları və nöqsanları aradan qaldırdıqdan sonra akkreditasiya üçün təkrar müraciət edə bilər.
2.15. Şəhadətnamə alan tibb müəssisəsi iki və daha çox obyektdə fəaliyyət göstərdikdə, həmin Şəhadətnamədə obyektlərin ünvanları qeyd olunur.
2.16. Şəhadətnamə alındığı müddətdən sonra həmin tibb müəssisəsi tərəfindən əlavə növ tibbi xidmət göstərildikdə və ya bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq Şəhadətnamədə qeyd olunanlardan əlavə obyektdə (obyektlərdə) tibbi xidmət göstərildikdə, Şəhadətnamə yenidən rəsmiləşdirilir (Şəhadətnamənin alınması şərtləri ilə eyni qaydada).
2.17. Akkreditasiyadan keçmiş tibb müəssisələrinin fəaliyyətinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinin birinci hissəsində göstərilən normativ hüquqi aktlara uyğunluğunu nəzarətdə saxlamaq məqsədilə Komissiya tərəfindən ildə bir dəfədən az olmamaqla monitorinq həyata keçirilir.
2.18. Şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:
2.18.1. tibb müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda;
2.18.2. tibb müəssisəsi yenidən təşkil olunduqda;
2.18.3. tibb müəssisəsi ləğv edildikdə;
2.18.4. tibb müəssisəsinin müvafiq müraciəti olduqda;
2.18.5. tibb müəssisəsinin lisenziyası ləğv edildikdə (özəl tibb müəssisələri üçün);
2.18.6. monitorinq nəticəsində tibb müəssisəsinin fəaliyyətində insanların həyat və sağlamlığına mühüm təhlükə yaradan hallar aşkar edildikdə.
3.1. Akkreditasiya olunan tibb müəssisələrinin aşağıdakı hüquqları vardır:
3.1.1. Komissiyanın qərarlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirmək;
3.1.2. akkreditasiyadan təkrar keçmək.
3.2. Akkreditasiya olunan tibb müəssisələrinin aşağıdakı vəzifələri vardır:
3.2.1. akkreditasiyanın keçirilməsi üçün Siyahıda göstərilən sənədləri təqdim etmək (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla);
3.2.2. akkreditasiyanın keçirilməsi üçün müəssisədə şərait yaratmaq.
4.1. Komissiyanın aşağıdakı hüquqları vardır:
4.1.1. tibb müəssisələri ərizə ilə müraciət edərkən, onlardan zəruri məlumatlar əldə etmək;
4.1.2. işçi qrupun tərkibini müəyyən etmək;
4.1.3. akkreditasiya qiymətləndirilməsini həyata keçirmək üçün işçi qrupu tibb müəssisələrinə göndərmək;
4.1.4. Şəhadətnaməni ləğv etmək.
4.2. Komissiyanın aşağıdakı vəzifələri vardır:
4.2.1. akkreditasiyanın keçirilməsi üçün “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinin birinci hissəsində göstərilən normativ hüquqi aktlara dair məlumatı tibb müəssisələrinə vermək;
4.2.2. akkreditasiyadan keçmiş və ya keçməmiş tibb müəssisələri barədə hesabatlar hazırlayaraq bu Qaydanın 1.3-cü bəndində qeyd olunan müvafiq orqana (quruma) təqdim etməklə, bu Qaydanın 2.12-ci bəndində göstərilən məlumatların ictimaiyyətə açıqlanmasını təmin etmək;
4.2.3. akkreditasiyanın nəticəsi barədə tibb müəssisəsini məlumatlandırmaq;
4.2.4. akkreditasiyadan keçən tibb müəssisəsinə bu Qaydanın 2.11-ci bəndinə uyğun olaraq Şəhadətnamənin verilməsini təmin etmək;
4.2.5. akkreditasiyadan keçən tibb müəssisələrinin və tibb müəssisələrinə verilmiş şəhadətnamələrin reyestrini aparmaq;
4.2.6. akkreditasiya zamanı aşkar edilmiş qanun pozuntuları barədə aidiyyəti üzrə məlumat vermək.
5.1. Akkreditasiya üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilir.
5.2. Akkreditasiyadan keçməmə barədə qərar qəbul edildikdə, ödənilmiş dövlət rüsumu geri qaytarılmır.
5.3. Akkreditasiya təkrar keçirildikdə, dövlət rüsumu yenidən ümumi qaydada ödənilir.
6.1. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, Komissiya tibb müəssisəsinin müraciəti əsasında 3 (üç) iş günü müddətində Şəhadətnamənin dublikatını verir.
1. Komissiyanın sədrinin adına yazılmış ərizə.
2. Tibb müəssisəsinin təsis sənədləri.
3. Özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziyanın surəti. (özəl tibb müəssisələri üçün).
4. Tibb müəssisəsinin yerləşdiyi binaya və tibb müəssisəsinin istifadəsində olan avadanlığa dair mülkiyyət və ya icarə sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti.
5. Akkreditasiyanın keçirilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin (qəbzin) surəti.
Bakı şəhəri “___” _________ 20___ il
Bu Şəhadətnamə ilə təsdiq edilir ki,_______________________________________________
______________________________________________________________________________
Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyasında akkreditasiyadan keçmişdir.
Əsas: Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyasının “___” __________ 20__ il tarixli ____ nömrəli qərarı.
Tibb Müəssisələrinin Akkreditasiyası
1. 7 noyabr 2023-cü il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 noyabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1572)
2. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)
3. 9 iyul 2026-cı il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyul 2026-cı il, “Xalq” qəzeti, 22 iyul 2026-cı il, № 128) (Bu Qərar 2028-ci il yanvarın 1-dən qüvvəyə minir)