1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət almasına, dərman və tibb vasitələri ilə təchizatına təminat verir.
1-1.2. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edir.
1-1.4. Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edir.
1-1.5. Bu Qanunun 5-ci və 15-13-cü maddələrində nəzərdə tutulmuş tibbi sığorta şəhadətnamələri və bu Qanunun 15-28-ci maddəsində nəzərdə tutulmuş göndərişdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.