15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:
15-10.1.1. bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər üzrə – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə;
15-10.1.2. bu Qanunun 15-10.1.2-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
15-10.1.2-1. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
15-10.1.3. bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;
15-10.1.4. bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
15-10.1.5. bu Qanunun 15-2.2.3-1-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə.
15-10.1-1. Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmır.