Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-23

Maddə 15-23. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin tarifləri

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-23.1. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri xidmətlər zərfi ilə müəyyən edilir.

15-23.2. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-23-1. Pozitiv siyahının müəyyən edilməsi

15-23-1.1. Pozitiv siyahı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir. Pozitiv siyahıda ambulator şəraitdə istifadə olunan dərman vasitələri ilə bağlı aşağıdakı məlumatlar göstərilir:

15-23-1.1.1. bu Qanunun 15-17.2.3-1-ci maddəsində göstərilən məlumatlar;

15-23-1.1.2. dərman vasitəsinin əmtəə nişanı adı;

15-23-1.1.3. dərman vasitəsinin orijinal və ya generik olması;

15-23-1.1.4. dərman vasitəsinin ticarət qablaşdırılması;

15-23-1.1.5. dərman vasitəsinin qablaşdırılma miqdarı;

15-23-1.1.6. dərman vasitəsi istehsalçısının və istehsal edildiyi ölkənin adı;

15-23-1.1.7. şərti kompensasiya məbləği;

15-23-1.1.8. müştərək maliyyələşmə məbləği;

15-23-1.1.9. dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda);

15-23-1.1.10. dərman vasitəsinin QR kodu (barkodu);

15-23-1.1.11. dərman vasitəsinin pozitiv siyahıya daxil edilmə və çıxarılma tarixləri.

15-23-1.2. Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-23-2. İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə

15-23-2.1. Sığortaolunanların ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinə əlçatanlığının artırılması və icbari tibbi sığorta fondunun maliyyə sabitliyinin təmin olunması məqsədilə sığortaçı və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi arasında aşağıdakı şərtlərdən birinin və ya hər ikisinin nəzərdə tutulduğu icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə bağlanıla bilər:

15-23-2.1.1. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan istifadə həcmi müqabilində dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən endirimlərin tətbiq edilməsi;

15-23-2.1.2. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan effektivliyinə nail olunmadıqda dərman vasitəsinə görə ödənilən vəsaitin müqavilə ilə razılaşdırılmış hissəsinin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən sığortaçıya geri qaytarılması.

15-23-2.2. Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə sığortaçının təşəbbüsü və ya istənilən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə sahibinin sığortaçıya müraciəti əsasında bağlanılır.

15-23-2.3. Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver