15-26.1. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
15-26.2. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət tibbi-iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilir. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət tibbi-iqtisadi ekspertiza vasitəsilə həyata keçirilir.
15-26.3. Tibbi-iqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə, habelə aptek təşkilatları tərəfindən buraxılmış ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin həcminin və buraxılma şərtlərinin bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilə və reseptə uyğunluğunu müəyyən edir. Tibbi-iqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-26.4. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.