Qanunvericilik › “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2020) › Tam mətn

“Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2020)

“Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.12.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 dekabr 2020-ci il

1.1. Bu Sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-17.3-cü maddəsinə əsasən hazırlanmışdır və tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarlarını və qaydasını müəyyən edir.

1.2. Bu Sənəddə istifadə olunan “xidmətlər zərfi” anlayışı Qanunda nəzərdə tutulmuş mənanı ifadə edir.

2.1. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi meyarları aşağıdakılardır:

2.1.1. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

2.1.2. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

2.1.3. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;

2.1.4. tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

2.1.5. müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;

2.1.6. müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;

2.1.7. tibbi xidmətlərin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən göstərilməsi.

2.2. Tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

2.2.1. müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi;

2.2.2. xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi.

3.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Qaydanın 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluğu baxımından tibbi xidmətlər 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir.

3.2. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver