Qanunvericilik › Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimatın təsdiq olunması barədə (Daxili İşlər Nazirliyi, 03.11.2011) › Tam mətn

Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimatın təsdiq olunması barədə (Daxili İşlər Nazirliyi, 03.11.2011)

Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimatın təsdiq olunması barədə (Daxili İşlər Nazirliyi, 03.11.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi qəbul edildikdən sonra cinayət və digər hüquq pozmalar haqda məlumatların qəbulu, qeydiyyatı və baxılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası və təşkili üçün yeni informasiya texnologiyalarının tətbiqi də daxil olmaqla məqsədyönlü iş aparılmış, bir sıra normativ-hüquqi aktlar hazırlanıb icraya yönəldilmişdir. Həyata keçirilən bu və digər tədbirlər sayəsində prosessual qanunvericiliyin müddəalarına riayət edilməsində, cinayət xarakterli məlumatların qəbulu, qeydiyyatı və onlara baxılması işində müsbət nəticələr əldə olunmuşdur.

Bu sahədə praktiki fəaliyyətdə ortaya çıxan və müasir dövrün tələblərindən irəli gələn bir sıra əlavə məsələlərin hüquqi tənzimlənməsinin vacibliyi, habelə müstəntiqlərin, təhqiqatçıların və digər struktur xidmətlərin əməkdaşlarının səlahiyyətlərinin konkretləşdirilməsi və görülən işlərə nəzarət mexanizminin təkmilləşdirilməsi baxımından Nazirliyin 366 nömrəli 20 sentyabr 2003-cü il tarixli əmri ilə təsdiq edilmiş «Törədilmiş və ya hazırlanan cinayət və hadisələr barədə məlumatların daxili işlər orqanlarında qeydiyyatı, uçotu və yoxlanılması qaydaları haqqında» Təlimat yenidən işlənilmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında» Əsasnamənin 3.1.7-ci və 5.3.6-cı bəndlərini rəhbər tutub,

1. «Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında» Təlimat təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinə, Bakı şəhər Baş Polis İdarəsinin, şəhər, rayon, xətt polis orqanlarının rəislərinə:

2.1. Təlimat aidiyyəti əməkdaşlar tərəfindən öyrənilsin və cari ilin sonunadək onlardan məqbullar qəbul olunsun;

2.2. cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması işinə nəzarəti həyata keçirən komissiyaların fəaliyyəti bu Təlimatda müəyyən edilmiş tələblərə uyğun təşkil edilsin.

3. DİN-in 20 sentyabr 2003-cü il tarixli 366 nömrəli və 07 dekabr 2004-cü il tarixli 494 nömrəli əmrləri qüvvədən düşmüş hesab olunsun.

4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

I dərəcəli dövlət ədliyyə müşaviri

DİN-in 03 noyabr 2011-ci il tarixli

1.1. Bu Təlimat Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, «Vətəndaşların müraciətləri haqqında», «Rəsmi statistika haqqında», «Polis haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezİdentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.7-ci bəndinə və digər normativ hüquqi aktlara uyğun hazırlanmaqla törədilmiş və ya hazırlanan cinayət (bundan sonra cinayət) və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydalarını, habelə onların icrasına idarədaxili nəzarət mexanizmlərini müəyyən edir.

1.2. Bu Təlimatda aşağıdakı anlayışlardan istifadə olunur:

1.2.1. məlumatların qəbulu - cinayət və hadisələr barədə məlumatların alınması ilə bağlı hərəkətlərdir;

1.2.2. məlumatların qeydiyyatı - cinayət və hadisələr barədə daxil olan məlumatların hər birinə sıra nömrəsinin verilməsi və uçot sənədlərində onların qısa məzmununun əks etdirilməsidir;

1.2.3. məlumatların uçotu - cinayət və hadisələr barədə qeydiyyata alınan məlumatların sayının və xarakterinin, baxılmasının nəticələrinin müvafiq hesabat formalarında və məlumat banklarında əks etdirilməsidir;

1.2.4. məlumatlara baxılması - cinayət və hadisələr barədə məlumatlarda göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində qərar qəbul edilməsidir.

1.3. Daxil olma formasına görə məlumatlar aşağıdakı qruplara bölünür:

1.3.1. fiziki şəxslər tərəfindən bilavasitə polis orqanlarına təqdim olunan və şifahi formada bildirilən məlumatlar (ərizə, şifahi məlumatın qəbul edilməsi barədə protokol);

1.3.2. fiziki və ya hüquqi şəxslərin telefon, faks, elektron poçt vasitəsi ilə, «102» xidmətindən daxil olan, habelə «Təhlükəsiz şəhər» avtomatik idarəetmə sisteminin müşahidə kameraları ilə qeydə alınmış məlumatlar;

1.3.3. kargüzarlıq qaydalarına uyğun olaraq poçt, kuryer və digər vasitələrlə daxil olan məlumatlar;

1.3.4. daxili işlər orqanları əməkdaşlarının müvafiq qaydada aldıqları məlumatlar.

1.4. Məzmununa və baxılma qaydalarına görə məlumatlar iki qrupa bölünür:

1.4.1. Cinayətlər barədə - Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətlərini özündə əks etdirən və baxılmasının nəticələri üzrə prosessual qərar qəbul edilməsi zəruri olan aşağıdakı məlumatlardır:

1.4.1.1. fiziki şəxsin yazılı müraciəti və ya Cinayət-Prosessual Məcəlləsinin 204-cü və 293.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab verən şifahi məlumatın qəbul edilməsi barədə protokol;

1.4.1.2. hüquqi şəxsin (vəzifəli şəxsin) məktubu, yaxud təsdiq edilmiş teleqramı, faks, elektron və digər formada müraciəti;

1.4.1.3. cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair media subyektlərinin məlumatları;

1.4.1.4. cinayət faktının (cinayətin əlamətlərinin) aşkarlanması və ya cinayət haqqında məlumatın əldə olunmasına dair daxili işlər orqanları əməkdaşının raportu;

1.4.1.5. şəxsin təqsirini könüllü boynuna alması haqqında ərizəsi və ya bu barədə tərtib olunmuş protokol;

1.4.1.6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 209.2-ci maddəsində göstərilən hadisələr barədə məlumatlar.

1.4.2. Hadisələr barədə - bu Təlimatın 1.3.2-ci bəndində göstərilən formada daxil olan və cinayətin əlamətlərinin mövcudluğunun yoxlanılması məqsədilə yerində ilkin araşdırma aparılması zəruri olan məlumatlardır. O cümlədən:

1.4.2.1. şəxsin xəsarətlə müraciət etməsinə və ya daxil olmasına dair tibb müəssisələrinin məlumatları;

1.4.2.2. sağlamlığa zərər vurma ilə nəticələnməyən yol-nəqliyyat hadisələri barədə məlumatlar;

1.4.2.3. asayişin pozulması ilə bağlı məlumatlar;

1.4.2.4. təbii fəlakətlər, texnogen xarakterli qəzalar və digər fövqəladə hallar barədə məlumatlar;

1.4.2.5. rəsmi sənədlərin və ya avtomobilin dövlət qeydiyyat nişanlarının itməsi barədə məlumatlar.

2.1. Məzmunundan və daxil olma formasından, baş vermə yerindən və vaxtından asılı olmayaraq cinayət və hadisələr barədə məlumatlar növbətçi hissələr tərəfindən gün ərzində fasiləsiz qəbul edilir.

2.2. Şəxs cinayət barədə şifahi məlumat verdikdə bu haqda Cinayət-Prosessual Məcəlləsinin 204-cü maddəsinə müvafiq olaraq protokol tərtib olunur. Cinayət haqqında yazılı və ya şifahi məlumat verən 16 yaşına çatmış şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında yazılı xəbərdarlıq edilir və o bunu öz imzası ilə təsdiqləyir.

2.3. Cinayət barədə ərizə fiziki şəxs tərəfindən növbətçi hissəyə və ya müstəntiqə, təhqiqatçıya, yaxud təhqiqat orqanının digər əməkdaşına bilavasitə təqdim edildikdə və ya şifahi məlumatın qəbul edilməsi barədə protokol tərtib olunduqda müvafiq müraciət (protokol) növbətçi hissədə dərhal qeydiyyata alınır və şəxsə məlumatın qəbul edilməsini təsdiqləyən qəbz verilir.

2.4. Qəbz eyni qeydiyyat nömrəsi əks etdirilmiş əsas vərəqdən və kötükdən ibarətdir (Təlimata 3 nömrəli əlavə). Əsas vərəqdə ərizənin qəbul edilmə tarixi və vaxtı, qəbul edən əməkdaşın və müraciət edənin soyadı və adı, kötük hissəsində isə bu məlumatlardan əlavə müraciətin qısa məzmunu göstərilir. Əsas vərəq ərizəçiyə təqdim edilir və o, vaxtı və tarixi göstərməklə qəbzi alması barədə kötük hissəni imzalayır.

2.5. Qəbz kitabça şəklində tikilir və növbətçi hissədə saxlanılır. İstifadə olunduqdan sonra kötükləri ilə birlikdə dəftərxanaya təhvil verilir.

2.6. Saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış (texniki rabitə kanalları ilə ötürülmüş) cinayətlər haqqında ərizə və ya digər məlumatlar cinayət işinin başlanması üçün səbəb ola bilməz. Bu ərizə və məlumatlarda əks olunan hallar aparılmış araşdırma zamanı öz təsdiqini tapdıqda təhqiqat orqanının əməkdaşı rəisə raportla müraciət edir və həmin raport 1 nömrəli kitabda qeydiyyata alınaraq müvafiq qərar qəbul olunur.

2.7. Törədilmiş və ya hazırlanan cinayətlər barədə anonim məlumatlar cinayətlərin qarşısının alınması və ya açılmasında istifadə edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən struktur qurumlara həvalə olunur.

2.8. Anonim olmasından asılı olmayaraq CPM-in 209.2-ci maddəsində göstərilən hadisələr barədə hər bir məlumat 1 nömrəli kitabda qeydiyyata alınıb araşdırılır və zəruri tədbirlər görülür.

2.9. İstintaq zamanı qeydiyyatda olmayan cinayətlər haqqında verilmiş şifahi məlumat istintaq hərəkəti protokoluna yazılır, eyni zamanda müstəntiq və ya təhqiqatçının raportu, yaxud zərərçəkmişin ərizəsi (şifahi məlumatın qəbul edilməsi barədə protokol) əsasında sənədləşdirilir. Təhqiqat orqanının hər hansı əməkdaşı öz səlahiyyətlərini icra edərkən cinayətin əlamətlərini aşkar etdikdə onun qarşısının alınması və açılması üçün ilk növbədə təxirəsalınmaz tədbirlər görməli, həmçinin növbətçi hissəni məlumatlandırmalı və ya orqan rəisinə raportla məruzə etməlidir.

2.10. Polis əməkdaşı xidməti ərazidə və ya onun hüdudlarından kənarda cinayət və hadisələr barədə verilən məlumatları qəbul etməli, aidiyyəti ərazi polis orqanına ötürməli və dərhal xidmət etdiyi orqanın rəisinə məruzə etməlidir.

2.11. Baş Mühafizə, Baş Dövlət Yol Polisi idarələrinin, İnzibati həbs olunanların saxlanılma məntəqəsinin və Yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzinin növbətçi hissələrindən şəhər, rayon, nəqliyyatda polis orqanlarına aşağıdakı məlumatlar ötürülür:

2.11.1. mühafizə olunan obyektə kənar şəxslərin daxil olması ilə bağlı mühafizə siqnalizasiya cihazlarının işə düşməsi;

2.11.2. ölümlə və ya sağlamlığa zərər vurma ilə nəticələnən yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin talanması və ya talama məqsədi olmadan qaçırılması;

2.11.3. inzibati həbs olunanlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər barədə.

3.1. Bu Təlimatın 1.4.1. bəndində göstərilən cinayətlər barədə məlumatlar növbətçi hissənin əməkdaşları tərəfindən «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı» kitabında (bundan sonra 1 nömrəli kitab) qeydə alınır (Təlimata 1 nömrəli əlavə).

Bu Təlimatın 1.4.2. bəndində göstərilən, o cümlədən rabitə və digər texniki kanallar ilə daxil olan məlumatlar «Hadisələr barədə rabitə və digər texniki vasitələrlə daxil olan məlumatların qeydiyyatı» kitabında (bundan sonra 2 nömrəli kitab) qeydə alınır (Təlimata 2 nömrəli əlavə).

Cinayət və hadisələr barədə DİN-in aparatının əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlarına, Bakı şəhər BPİ-yə və Nəqliyyatda Baş Polis İdarəsinə daxil olan məlumatlar ərazi aidiyyəti üzrə şəhər, rayon, nəqliyyatda polis orqanlarının növbətçi hissəsində qeydə alınır.

3.2. Müvafiq yoxlama ilə 2 nömrəli kitabda qeydə alınmış məlumatın cinayət xarakterli olması müəyyən edildikdə zəruri qeydiyyat aparılmaqla 1 nömrəli kitaba köçürülür.

3.2-1. DİN-in “102” xidməti-zəng mərkəzi sistemindən daxil olan cinayətlər barədə məlumatlar təsdiqlənməsindən asılı olmayaraq birbaşa 1 nömrəli kitabda qeydə alınır (2 nömrəli kitabda qeydiyyata alınmadan) və prosessual araşdırmaya təqdim edilir.

3.2-2. Hadisə yerinə baxışın keçirilməsinə, habelə müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna olmaqla, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır. Həmin məlumat üzrə əməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur. Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur və həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır və bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur.

Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir.

3.3. Cinayət barədə 1 nömrəli kitabda qeydə alınmış məlumat aşağıdakı hallarda istintaq və ya ərazi aidiyyəti üzrə göndərilir:

3.3.1. məlumatın araşdırılması Daxili İşlər Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadıqda;

3.3.2. hadisə polis orqanının xidməti ərazisindən kənarda törədildikdə.

3.4. Xüsusi ittiham qaydasında araşdırılan cinayətlərə dair müraciətlər 1 nömrəli kitabda qeydə alındıqdan sonra aidiyyəti birinci instansiya məhkəməsinə göndərilir.

3.5. Bu Təlimatın 1.3.3-cü bəndində göstərilən qaydada daxil olmuş, habelə 2 nömrəli kitabda qeydə alınmış və araşdırılması DİN-in səlahiyyətinə aid olmayan cinayətlər barədə məlumatlar 1 nömrəli kitabda qeydə alınaraq istintaq aidiyyəti üzrə dərhal müvafiq dövlət orqanına (prokurorluq, Fövqəladə Hallar, Ədliyyə, Müdafiə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) göndərilir.

3.6. Cinayət barədə məlumatlar ibtidai araşdırma aparmaq səlahiyyəti olmayan mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarına göndərilmir. Həmin orqanlara müvafiq tədbir görülməsi üçün yalnız araşdırmanın nəticələrinə dair qəbul edilmiş prosessual qərarın surəti göndərilir.

3.7. Cinayət barədə ərazi aidiyyəti üzrə başqa polis orqanından daxil olmuş məlumatlar dəftərxanada (katiblikdə) və 1 nömrəli kitabda (ərazi aidiyyəti polis bölməsinindirsə, yalnız orada) qeydə alınaraq dərhal araşdırmaya yönəldilir.

3.8. Tabeliyində ərazi və nəqliyyatda polis şöbəsi və bölməsi olan şəhər, rayon, nəqliyyatda polis idarəsinə (şöbəsinə) daxil olan (təqdim edilən) cinayət barədə məlumat (müraciət) 1 nömrəli kitabda qeydə alındıqdan sonra baxılır və ya dəftərxanada (katiblikdə) qeydə alınaraq 24 saat ərzində ərazi polis bölməsinə (şöbəsinə) göndərilir. Bölmədə (şöbədə) həmin məlumatın (müraciətin) dərhal 1 nömrəli kitabda qeydə alınıb araşdırılması təmin olunur.

3.9. Ərazi aidiyyəti üzrə digər polis orqanın xidməti ərazisinə aid olan hadisə barədə məlumat (cinayət xarakterli olmayan) növbətçi hissənin əməkdaşı tərəfindən 2 nömrəli kitabda qeydə alınaraq dərhal telefon vasitəsilə müvafiq polis orqanının növbətçisinə ötürülür və bu barədə orqan rəisinə raportla məruzə olunur. Rəisin yazılı göstərişinə əsasən həmin məlumatın aidiyyəti üzrə göndərilməsi təmin olunur və bu barədə 2 nömrəli kitabda zəruri qeyd aparılır.

3.10. Cinayət barədə eyni şəxsin eyni məsələyə dair yenidən daxil olmuş (təkrar) və ya müxtəlif ünvanlara göndərdiyi müraciətlər (eyni məzmunlu) 1 nömrəli kitabda təkrar qeydə alınmır.

Belə məlumatlar dəftərxanada (katiblikdə) müvafiq qaydada qeydiyyata alındıqdan sonra icrası polis orqanının rəisi tərəfindən müstəntiq və ya təhqiqatçıya həvalə olunur. Müstəntiq və ya təhqiqatçı müraciətə baxılmasının nəticələri haqqında şikayətçiyə məlumat verməklə ərizəni cinayət işinə, rədd materialına və ya icraatda olan digər materiala əlavə edir.

Müstəntiqin və ya təhqiqatçının icraatında olan ərizə və ya məlumata baxılması prosesində qanunazidd hərəkətlərə yol verməsi barədə daxil olan müraciətlərin araşdırılmasının hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən əməkdaşa həvalə edilməsi yolverilməzdir.

3.11. Cinayət və hadisələr barədə məlumatlar müraciət edən şəxs tərəfindən bilavasitə təqdim olunduqda onların dəftərxanada qeydiyyata alınması qadağandır.

3.12. Poçt, teleqraf, kuryer və s. vasitələrlə daxil olan cinayət xarakterli məlumatlar dərhal dəftərxanada qeydə alınaraq polis orqanının rəisinə məruzə edilir. Rəisin yazılı göstərişi ilə həmin məlumat 1 nömrəli kitabda qeydiyyata alınır və araşdırılmasının təmini üçün aidiyyəti üzrə istintaq orqanı və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə yönəldilir. Cinayət xarakterli olmayan məlumatların araşdırılması isə digər xidmətlərin əməkdaşlarına (ictimai təhlükəsizlik, cinayət-axtarış və s.) tapşırılır. Belə məlumatların cinayət xarakterli olması müəyyən edildikdə 1 nömrəli kitabda qeydiyyata alınması və prosessual qərar qəbul edilməsi təmin olunur.

3.13. 1 və 2 nömrəli kitabların müvafiq rekvizitlərində hadisənin qısa məzmunu, baş verdiyi vaxt, görülmüş tədbirlər, verilən göstərişlər, yoxlamanı aparan və qərar qəbul edən şəxs haqqında məlumatlar tam və aydın əks olunur.

3.14. İbtidai araşdırma prosesində daxili işlər orqanlarına məlum olmayan cinayətlərin aşkarlanmasına dair təhqiqatçı və ya müstəntiqin raportu, fiziki və ya hüquqi şəxsin məlumatı qeydiyyata alınarkən 1 nömrəli kitabda «araşdırma zamanı əlavə olaraq aşkar edilmişdir» məzmunlu qeydiyyat aparılır.

3.15. Şikayət vermiş şəxsin cinayət təqibindən imtina etməsi və ya barışıq barədə ərizələri «Vətəndaşların müraciətlərinin qeydiyyatı» kitabında qeydə alınaraq cinayət və cinayət-prosessual qanunvericiliyinə müvafiq qərar qəbul edilir.

3.16. Cinayət və hadisələr barədə məlumatlar qeydiyyata alınarkən sənədin üzərində qeydiyyat ştampı vurulur və polis orqanının adı, qeyd tarixi, sıra nömrəsi, məlumatı qəbul etmiş əməkdaşın soyadı göstərilməklə imzalanır.

3.17. Cinayət və hadisələr barədə məlumatların qeydiyyata alınması hər hansı obyektiv səbəbdən (məsələn, rabitənin nasazlığı üzündən polis sahə inspektorunun qəbul etdiyi məlumatı vaxtında məsul növbətçiyə çatdıra bilməməsi və s.) ləngidikdə 1 və 2 nömrəli kitabların 2-ci sütununda məlumatın növbətçi hissəyə daxil olma vaxtı ilə yanaşı onun müvafiq əməkdaşa təqdim edildiyi tarix və dəqiq vaxt göstərilir. Bu halda məlumat üzrə tədbir görülmə müddəti onun araşdırmanı aparacaq əməkdaşa təqdim edildiyi vaxtdan hesablanır.

3.18. 1 və 2 nömrəli kitablarda məlumatların dolğun qeyd olunmamasına, məzmununun təhrif edilməsinə, qeydiyyat qaydalarının pozulmasına görə növbətçi hissənin əməkdaşları, həmçinin araşdırmanın nəticələrinə dair yanlış məlumatların qeyd olunmasına görə dəftərxana əməkdaşları (işçiləri) məsuliyyət daşıyırlar.

4.1. Cinayət barədə məlumatlar 1 nömrəli kitabda qeydə alındıqdan sonra polis orqanının rəisinə məruzə olunur. Rəis, təhqiqat orqanının rəhbəri kimi, məlumatı baxılması üçün aidiyyətindən asılı olaraq istintaq və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə istiqamətləndirir (xətt və ərazi polis bölməsində isə birbaşa). Məlumatı obyektiv səbəbdən polis orqanının rəisinə (onu əvəz edən vəzifəli şəxsə) dərhal məruzə etmək mümkün olmadıqda onun icraya yönəldilməsi məsul növbətçi tərəfindən həyata keçirilir.

4.2. Müstəntiq və ya təhqiqatçı 1 nömrəli kitabda imza etməklə cinayət barədə məlumatı icraatına qəbul edir və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada araşdırma aparır.

4.3. CPM-in 207 və 294-cü maddələrinə əsasən müstəntiq və ya təhqiqatçı cinayət haqqında məlumata baxılmasının nəticələri üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

4.3.1. cinayət işi başlamaq;

4.3.2. cinayət işinin başlanmasını rədd etmək;

4.3.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək;

4.3.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı aidiyyəti üzrə göndərmək;

4.3.5. məhkəməyədək sadələşdirilmiş icraat açmaq;

4.3.6. məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxarmaq.

4.4. Cinayət işi başlanmasının rədd edilməsi, sadələşdirilmiş icraat açılmasından imtina edilməsi və ya məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə qəbul edilmiş qərarlar üzrə materialların qeydiyyatı «Cinayət işi başlanması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina olunmuş və ya məhkəməyədək sadələşdirilmiş icraata xitam verilmiş materialların qeydiyyatı» kitabında aparılır.

4.5. Müraciət və ya fakt üzrə cinayət işi başlandıqda 1 nömrəli kitabın müvafiq qrafasında işin tarixi, nömrəsi və Cinayət Məcəlləsinin maddəsi; cinayət işi başlanılmasının rədd olunması barədə qərar qəbul edildikdə onun tarixi və materialın qeydiyyat nömrəsi; məlumat istintaq və məhkəmə aidiyyəti üzrə göndərildikdə müşayiət məktubunun nömrəsi və tarixi; məhkəməyədək sadələşdirilmiş icraat açıldıqda materialın məhkəməyə göndərilməsi barədə müşayiət məktubunun nömrəsi, tarixi və yekun protokolun nömrəsi qeyd olunur.

4.6. DİN-in «102» xidməti-zəng mərkəzi sistemindən daxil olmuş cinayət xarakterli məlumatlar istisna olmaqla, digər texniki vasitələrlə daxil olan cinayət barədə məlumatlar 2 nömrəli kitabda qeydə alındıqdan sonra məsul növbətçi tərəfindən orqan rəisinə məruzə olunur. Həmin məlumatın cinayət xarakterli olması müəyyən edildikdə 1 nömrəli kitabda qeydə alınaraq prosessual araşdırmaya yönəldilir.

Həmin məlumatlara baxılmasının nəticələri barədə bu Təlimatın 4.3-cü bəndində göstərilən qərarlardan biri qəbul edilir. Müstəntiq və ya təhqiqatçının icraatında olan materialların dəftərxanada işə tikilməsi (alınması) qadağandır.

2 nömrəli kitabda qeydə alınmış hadisə barədə məlumatın cinayət xarakterli olmasını təsdiqləyən ilkin yoxlama sənədləri olmadıqda 1 nömrəli kitabda qeydiyyata alınmır (protokol, raport, tibbi və ya digər arayış, şikayət ərizəsi, şifahi ərizə protokolu və s.).

4.7. Vətəndaşlardan, tibb müəssisələrindən və digər mənbələrdən ölüm, yanıq və ya zəhərlənmə barədə, habelə Azərbaycan Respublikası CPM-in 209.2-ci maddəsində qeyd olunmuş faktlarla əlaqədar daxil olmuş bütün məlumatlar 1 nömrəli kitaba köçürülərək istintaq aidiyyəti üzrə prokurorluğa göndərilir.

4.8. Cinayət barədə məlumatların 1 nömrəli kitabda qeydə alınmadan araşdırılması, icrasının müvafiq təhqiqat orqanının əməkdaşına həvalə olunması, habelə prosessual qərar qəbul edilmədən işə tikilməsi (alınması) qadağandır.

4.9. Hadisələr barədə rabitə vasitələri ilə fiziki və hüquqi şəxslərdən, tibb müəssisələrindən verilən, eləcə də «102» xidmətindən və «Təhlükəsiz şəhər» avtomatik idarəetmə sistemindən daxil olan məlumatlar (cinayət xarakterli olmayan, Təlimata 6 nömrəli əlavə) 2 nömrəli kitabda qeydə alındıqdan sonra məsul növbətçi tərəfindən polis orqanının rəisinə məruzə olunur və məlumatın icrası müvafiq xidmət sahəsinin əməkdaşına həvalə edilir (cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis sahə rəisi, polis sahə inspektoru, dövlət yol polisi, qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinin əməkdaşları və s.).

4.10. Məlumatı 2 nömrəli kitabda imza etməklə qəbul etmiş təhqiqat orqanının əməkdaşı araşdırma zamanı onun cinayət xarakterli olmasını müəyyən etdikdə təxirəsalınmadan raportla rəisə məruzə edir. Həmin məlumat 1 nömrəli kitabda qeydə alınaraq 24 saatdan gec olmayaraq aidiyyəti üzrə istintaq və ya təhqiqat qurumuna göndərilir.

4.11. Hadisə barədə məlumatlar təhqiqat orqanının əməkdaşı tərəfindən tam, hərtərəfli və obyektiv yoxlanılmalı, sənədlər düzgün və dolğun tərtib edilməlidir. Şifahi fikirlər, mülahizələr əsasında material işə tikilə bilməz.

4.12. Cinayət xarakterli olmayan məlumatlar üzrə araşdırma 10 gün müddətində aparılır. Təhqiqat orqanının əməkdaşı yoxlamanın nəticələrini raportla orqan rəisinə məruzə edir. Rəis toplanmış materialların dolğunluğunu yoxladıqdan sonra sənədlərin işə tikilməsi barədə göstəriş verir. Yoxlamanın nəticələri barədə 2 nömrəli kitabda müvafiq qeydiyyat aparılır. Yoxlama materialları dəftərxanada 3 il müddətində saxlanılır.

4.13. Tibb müəssisələrindən vətəndaşların xəsarət alması barədə daxil olmuş məlumatlar yoxlanılarkən aşağıdakı sənədlərin toplanması zəruridir:

- xəstəlik diaqnozu barədə arayış (xəsarətin səbəblərinə dair zərərçəkmişin tibb müəssisəsinə verdiyi ilkin məlumat göstərilməklə);

- qəbul jurnalında xəstənin daxil olmasına dair məlumatlar (şəxsiyyəti, ünvanı, daxil olma vaxtı, xəsarətin səbəbi barədə xəsarət alanın ilkin məlumatı, xəstəni gətirən nəqliyyat vasitəsi və ya şəxs, ilk tibbi yardım göstərmiş həkim və jurnalda qeyd edilmiş digər məlumatlar);

- xəsarət alanın izahatı, şikayəti olduqda ərizəsi.

4.14. Araşdırma zamanı vətəndaşlardan daxil olmuş cinayət xarakterli olmayan ərizə «Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Təlimat»la müəyyən edilmiş qaydada və müddətlərdə araşdırılır.

4.15. cinayət xarakterli məlumatların araşdırılmasının təhqiqat orqanının əməkdaşlarına həvalə edilməsi qadağandır və buna görə təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) məsuliyyət daşıyır;

4.16. Bu Təlimata 6 nömrəli əlavədə göstərilən məlumat və ya müraciətlərin 1 nömrəli kitabda qeydə alınaraq araşdırılması qadağandır.

4.17. Növbətçi hissənin əməkdaşları 1 və 2 nömrəli kitablardakı ilkin yoxlama müddəti bitmiş və nəticəsi məlum olmayan məlumatların siyahısını tədbir görülməsi üçün raportla təhqiqat orqanının rəhbərinə (ərazi polis bölməsinin rəisinə) təqdim edir.

5.1. Təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) cinayət və hadisələr barədə məlumatların qəbulu və qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına gündəlik nəzarət edir və bu işin təşkilinə görə cavabdehlik daşıyır. O cümlədən:

5.1.1. cinayət xarakterli məlumatları aidiyyəti üzrə istintaq və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə istiqamətləndirir, cinayət xarakterli olmayan məlumatları təhqiqat orqanının əməkdaşına həvalə edir;

5.1.2. məlumatlara müəyyən edilmiş müddətlərdə baxılmasını təşkil edir;

5.1.3. qeydiyyat jurnallarının müəyyən olunmuş qaydalara uyğun aparılmasını təmin edir;

5.1.4. məlumatların qəbulu, qeydiyyatı və baxılması zamanı qanunvericiliyin və bu Təlimatın tələblərinin pozulmasının səbəblərini müəyyən edib aradan qaldırır, bu məsələlər ilə bağlı verilmiş təqdimatlar üzrə zəruri təşkilati və intizam tənbehi tədbirləri görür.

5.2. Növbətçiliyin təhvil-təslimi zamanı, məsul növbətçi, növbətçilik günü ərzində baxılma müddəti bitmiş daxil olan cinayət və hadisələr barədə məlumatları orqan rəisinə məruzə edir.

5.3. Cinayət və hadisələr barədə məlumatların qeydiyyatının dolğunluğunun yoxlanılması məqsədilə şəhər, rayon, nəqliyyatda polis idarə, şöbə və bölmələrində orqan rəisinin əmri ilə komissiya yaradılır. Komissiyaya sədrlik rəis müavinlərindən birinə həvalə edilir. Komissiyanın tərkibinə təşkilati-inspektor, istintaq, təhqiqat xidmətlərinin, uçot-qeydiyyat və statistika qurumlarının, habelə katibliyin əməkdaşları (dəftərxana işçiləri) daxil edilir.

Komissiyanın fəaliyyəti ilə bağlı sənədlər ayrıca nomenklatur işdə toplanır.

5.4. Komissiya rübdə bir dəfə 1 və 2 nömrəli kitablarda məlumatların qeydiyyatının dolğunluğunu, o cümlədən qəbzlərin kötük hissəsi ilə qeydiyyat kitablarında olan məlumatların eyniliyini yoxlayır. Bu zaman, «Daxil olan sənədlərin qeydiyyatı», «Vətəndaşların müraciətlərinin qeydiyyatı», «Cinayət işinin başlanması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraatın açılmasından imtina edilmiş və ya məhkəməyədək sadələşdirilmiş icraatına xitam verilmiş materialların qeydiyyatı» jurnallarından və dəftərxanada saxlanılan arxiv materiallarından istifadə edilə bilər.

Cinayət barədə qeydə alınmayan məlumatların müəyyənləşdirilməsi məqsədilə komissiya fiziki və ya hüquqi şəxslərə müvafiq sorğu ilə müraciət edə bilər. Cavablarda cinayət barədə polis orqanına ötürülən məlumatlar təsdiqləndikdə onların 1 nömrəli kitabla eyniləşdirilməsi aparılır. Müvafiq məktublar komissiyanın fəaliyyətinə dair materiallara əlavə edilir.

Yoxlama zamanı cinayət barədə məlumatların polisə ötürülməməsi faktı aşkarlandıqda onun müvafiq qaydada qeydiyyata alınması və qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün orqan rəisinin adına raport yazılır.

Komissiya cinayətlər barədə məlumatlara baxılması işində qanunvericiliyə və müəyyən edilmiş qaydalara zidd hallar aşkarladıqda müvafiq qaydada təhqiqat orqanının rəhbərini (ərazi polis bölməsinin rəisi) məlumatlandırır. Rəis aşkarlanmış pozuntunun nəticələrinin aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görür (prosessual qərarın əsaslılığının yoxlanılması məqsədilə materialı prokurorluğa göndərir, dəftərxanada əsassız işə alınmış məlumatın 1 nömrəli kitabda qeydə alınması barədə göstəriş verir, xidməti yoxlama təşkil edir). Komissiya tərəfindən aparılan yoxlamaların nəticələri aktla rəsmiləşdirilir. Akt komissiya üzvləri tərəfindən imzalanır və orqan rəisi tərəfindən təsdiqlənir.

5.5. Qeydiyyatın düzgünlüyünə nəzarət məqsədilə polis orqanlarına daxil olan telefon məlumatlarının səs yazıları müvafiq proqram-texniki vasitələr ilə qeydə alınır. Məlumatlar DİN-in «102 xidməti»ndə 6 ay müddətində saxlanılır. Onlardan xidməti araşdırma zamanı istifadə edilə bilər.

5.6. Növbətçi hissələrdə görünən yerdə cinayətlər barədə müraciətlərin qəbulu, qeydiyyatı və baxılması qaydaları barədə məlumatlar, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə nəzarəti funksiyalarını yerinə yetirən hakimin (hakimlərin) telefon nömrələri (ünvanları) göstərilir.

5.7. Cinayət işi başlanması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraatın açılmasından imtina edilmiş və məhkəməyədək sadələşdirilmiş icraatına xitam verilmiş materialların uçotu kitabı, 1 və 2 nömrəli kitablar, qəbzlərin kötüyü, komissiyanın yoxlama sənədləri və araşdırma materialları DİN-in müvafiq əmri ilə müəyyən edilmiş müddətlərdə dəftərxanada saxlanılır.

Təlimata 1 №-li əlavə

Başlanıb «____»___________201 ___ ci il

Qurtarıb «____»___________201 ___ ci il

İnventar________________________

Saxlama müddəti___________________

Cinayətlər barədə müraciətlərin qeydiyyatı kitabı vahid formaya malikdir.

Kitabda qeydiyyatın düzgün aparılmasına orqanın növbətçi hissəsinin və dəftərxanasının (katibliyinin) əməkdaşı (işçisi) şəxsən məsuliyyət daşıyır. Kitabın vərəqləri nömrələnir, qaytanlanır və möhürlənir. Qeydiyyat səliqəli şəkildə, yalnız mürəkkəblə yazan və ya diyircəkli qələmlə aparılır, pozuntulara yol verilmir. Kitabda edilən hər hansı düzəliş növbətçinin imzası ilə təsdiqlənir.

«Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı» kitabında «Törədilmiş və ya hazırlanan cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında» Təlimata müvafiq olaraq aşağıdakı məlumatlar qeydiyyata alınır:

- fiziki şəxsin yazılı müraciəti və ya Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 204, 293.3. maddələri ilə müəyyən edilmiş tələblərə cavab verən şifahi ərizə protokolu;

- hüquqi şəxsin (vəzifəli şəxsin) məktubu, yaxud təsdiq edilmiş teleqramı, faks, elektron və digər formada müraciəti;

- cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair media subyektlərinin məlumatları;

- cinayət faktının (cinayətin əlamətlərinin) aşkarlanması və ya cinayət haqqında məlumatın əldə olunmasına dair daxili işlər orqanları əməkdaşının raportu;

- şəxsin təqsirini könüllü boynuna alması haqqında ərizəsi və ya bu barədə tərtib olunmuş protokol;

- Azərbaycan Respublikası CPM-in 209.2-ci maddəsində göstərilən hadisələr barədə məlumatlar.

Təlimata 2 №-li əlavə

Hadisələr barədə rabitə və digər texniki vasitələrlə

daxil olan məlumatların qeydiyyatı

Başlanıb «____»___________20___ ci il

Qurtarıb «____»___________20___ ci il

İnventar________________________

Saxlama müddəti___________________

Hadisələr barədə rabitə və digər texniki vasitələrlə daxil olan məlumatların qeydiyyatı kitabı vahid formaya malikdir.

Daxili işlər orqanlarının növbətçiləri kitabda aparılan qeydiyyatın dəqiqliyinə görə məsuliyyət daşıyırlar. Kitabın vərəqləri nömrələnməli, qaytanlanmalı və möhürlənməlidir. Qeydiyyat səliqəli, yalnız mürəkkəblə yazan və ya diyircəkli qələmlə aparılır, pozuntulara yol verilmir.

Aparılmış düzəlişlər növbətçinin imzası ilə təsdiqlənir.

Kitabda aşağıdakı məlumatlar qeydiyyata alınır:

Fiziki və ya hüquqi şəxslərin rabitə və informasiya texnologiyaları, telefon, «102» xidməti, elektron poçt vasitəsi ilə daxil olan, eləcə də Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» avtomatik idarəetmə sisteminin müşahidə kameraları ilə qeydə alınan məlumatlar. O cümlədən:

- şəxsin xəsarətlə müraciət etməsinə və ya daxil olmasına dair tibb müəssisələrinin məlumatları;

- sağlamlığa zərər vurma ilə nəticələnməyən yol-nəqliyyat hadisələri barədə məlumatlar;

- ictimai qaydanın pozulması ilə bağlı məlumatlar;

- təbii fəlakətlər, texnogen xarakterli qəzalar və digər fövqəladə hallar barədə məlumatlar;

- rəsmi sənədlərin və ya avtomobilin dövlət qeydiyyat nişanlarının itməsi barədə məlumatlar.

Təlimata 3 №-li əlavə

Qəbzin kötüyü №_______

____________________________________

____________________________________

(ərizəçinin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı)

Məlumatın qısa məzmunu

____________________________________

____________________________________

____________________________________

____________________________________

Məlumatın «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı» kitabında qeydə alınma tarixi və qeydiyyat nömrəsi

_______________________

Məlumatı qəbul edənin imzası

__________________________

«___»________20__ ci il, saat____ dəq___

Qəbz alanın imzası________ _______________________________

«___»_________20___ ci il.

Qəbzin əsas vərəqi № ______

_____________________

___________________________

Məlumatı qəbul etdi _________

____________________________

___________________________

«__»______20__ ci il, saat ___ dəq___

Təlimata 4 №-li əlavə

Başlanıb «_____»__________20___ci il

Qurtarıb «_____»__________20___ci il

İnventarlar_______________________

Saxlama müddəti__________________

Təlimata 5 №-li əlavə

_____________________________ rəisi

___________________________

_____________________________________________________________________________________________________________________________şəhər, rayon polis orqanında (ərazi polis bölməsində)

uçot-qeydiyyat intizamı üzrə vəziyyətin hər rüb daxili yoxlanması haqda 20 ____-ci ilin

____________________________________________________________________________

Komissiya cinayət və hadisələr barədə məlumatların qeydiyyatı və yoxlanılması qaydalarını öyrənərək aşağıdakıları müəyyən etdi:

Qeyd: 1-ci sütunun göstəricisi 2-7-ci, habelə 9-11-ci sütunların göstəricilərinin cəminə bərabər olmalıdır.

2. Hadisələr barədə rabitə və digər texniki vasitələrlə daxil olan məlumatların qeydiyyatı kitabı (№2) üzrə baxılmışdır:

20 gündən yuxarı (ekspert rəyinin alınması ilə əlaqədar olan materiallar üzrə)

Növbətçi hissənin sənədləri

Dəftərxanada saxlanılan sənədlər

Digər xidmət sahələri üzrə sənədlər

Qeyd: 4-cü sütunda CPM-nin 41, 212, 294-cü maddələrinin pozulması ilə baxılmış 1 və 2 nömrəli kitablardakı məlumatların, həmçinin rədd edilmiş (xitam olunmuş) materiallar üzrə başlanmış cinayət işlərinin nömrələri göstərilir.

Komissiyanın sədri___________________________________________

____________________20___ci il.

Təlimata 6 №-li əlavə

Daxil olma formasından asılı olmayaraq hadisələr barədə aşağıdakı məlumat və müraciətlər 1 nömrəli kitabda qeydiyyata alınmır:

1. İnzibati xətalar haqqında, o cümlədən:

- xırda xuliqanlıq barədə;

- küçə alveri ilə məşğul olmaya dair;

- məişətdə səs-küy salma barədə;

- qanunsuz tikinti aparılması barədə;

- polis işçisinin qanuni tələbinə tabe olmama ilə bağlı.

2. Vətəndaşların telefonla narahat edilməsi (təhqir olunması, hədələnməsi), yolunun, suyunun kəsilməsi barədə

3. Xüsusi ittiham qaydasında araşdırılan cinayətlərə dair müraciətlər istisna olmaqla vətəndaşların təhqir olunması barədə

4. Borcun qaytarılmaması, icarə pulunun ödənilməməsi və s. mülki xarakterli informasiyalar

5. Məişətdə alınan xəsarətlər barədə tibb müəssisələrindən daxil olan (o cümlədən heyvan dişləməsi, ilan vurma və s.)

6. Ailə və məişət münaqişəsi zəminində mübahisələrlə bağlı

7. Şəxsin sərxoşluq etməsi barədə

8. Vətəndaşların mobil telefonla şəklinin çəkilməsi barədə

9. cinayət törədilməsinə şübhə yaratmayan şəraitdə mobil telefonların itməsi barədə

10. Cinayət törədilməsinə şübhə yaratmayan şəraitdə rəsmi sənədlərin, o cümlədən şəxsiyyət vəsiqəsinin, pasportun, sürücülük vəsiqəsinin, nəqliyyat vasitələrinin texniki sənədlərinin, dövlət qeydiyyat nişanlarının və s. itirilməsi barədə

11. Xəsarətlə nəticələnməyən yol-nəqliyyat hadisələri barədə

12. Etibarnamə ilə verilən avtomobilin geri qaytarılmaması barədə

13. Məhkəmə qərarından narazılıqla bağlı

14. İstintaqın və ya təhqiqatın qeyri-obyektiv aparılması barədə

15. Cinayətin açılması üzrə lazımi tədbirlərin görülməməsi ilə bağlı

16. Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi üzrə lazımi tədbirlərin görülməməsi ilə bağlı və s.

Qeyd: bu məlumatların araşdırılması təhqiqat orqanının əməkdaşlarına həvalə edilir (əməliyyat müvəkkili, polis sahə rəisi, polis sahə inspektoru, uşaqlarla iş üzrə inspektor və s.).

1. 10 iyul 2012-ci il tarixli Q11-001-12 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207101112, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyul 2012-ci il)

2. 03 dekabr 2015-ci il tarixli Q62-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512030062, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 dekabr 2015-ci il)

3. 27 may 2016-cı il tarixli Q27-001-16 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201605270027, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 03 iyun 2016-cı il)

4. 30 oktyabr 2019-cu il tarixli Q42-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910300042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2019-cu il)

5. 17 iyul 2020-ci il tarixli Q18-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007170018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2020-ci il)

6. 19 oktyabr 2020-ci il tarixli Q34-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190034, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 oktyabr 2020-ci il)

7. 2 avqust 2023-cü il tarixli 3-13/Q37/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308020037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 avqust 2023-cü il)

8. 22 may 2026-cı il tarixli 3-13/Q12/2026 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202605220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 iyun 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver