Torpaqların və onlardan istifadə və icarə hüquqlarının açıq və ya qapalı hərrac və müsabiqə yolu ilə alqı-satqısının məqsədi Azərbaycan Respublikasında torpaq bazarının inkişafı vasitəsi ilə torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməkdən, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarətdir.
Torpaq hərraclarına və müsabiqələrinə torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satıcılar tərəfindən çıxarılır.
Torpaq hərraclarının və müsabiqələrinin təşkilatçıları ilə torpaq sahələrinin satıcıları arasında hərrac (müsabiqə) müqavilələri bağlanılır.
Hərrac (müsabiqə) müqavilələrində aşağıdakı şərtlər müəyyən olunur:
hərraca (müsabiqəyə) çıxarılan torpaq sahəsinin xarakteristikası və mülkiyyət hüququnu təsdiq edən sənədlərin siyahısı;
hərracın (müsabiqənin) növü, keçirilmə tarixi və vaxtı;
tərəflərin öhdəlikləri və məsuliyyəti;
təşkilatçıların mükafatlandırılması və satıcılarla hesablaşmaların aparılması qaydaları;
müqavilənin fəaliyyət müddəti və qanunvericiliklə müəyyən olunmuş digər şərtlər.
Hərrac və müsabiqə təşkilatçılarının mükafatının həcmi torpaq sahəsinin satış qiymətinin 5 faizindən artıq təşkil edə bilməz.
Torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərraca (müsabiqəyə) çıxarılan ilkin qiyməti torpağın normativ qiymətindən az olmayaraq mövcud bazar məzənnəsinə uyğun müəyyən edilir.
Satışa çıxarılan torpaq sahələrinin istifadəsinə dair xüsusi şərtlər müəyyən edildikdə iddiaçılar arasında müsabiqə keçirilir.
Hərrac və ya müsabiqənin qalibi və satıcı arasında müvafiq müqavilə bağlanılır.
İpoteka predmeti olan torpaq sahələrinin satışı “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.