Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər:
xüsusi mülkiyyətdə olan torpaqlar;
bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;
ipoteka haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə ipoteka predmeti sayılan torpaq sahələri;
özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları;
bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
Torpaq bazarının subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlərdir.
Azərbaycan Respublikası adından torpaq bazarında müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində iştirak edirlər.
Bələdiyyələr, torpaq bazarında Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər.
Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları torpaq bazarında mülkiyyətçi, istifadəçi, icarəçi, girov (ipoteka) qoyan, girov (ipoteka) saxlayan, alıcı, satıcı və digər əqdlərin iştirakçısı ola bilərlər.
Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər torpağın mülkiyyətə alınması istisna olmaqla, torpaq bazarında qanunvericiliklə müəyyənləşdirilən səlahiyyətləri daxilində digər əqdlər bağlaya bilərlər.