İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir.
İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binaların və qurğuların müqəddəratı tərəflərin qarşılıqlı razılığı ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.