Qanunvericilik › Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları

Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir.

Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir.

İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır.

Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.

2. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır.

3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver