13-2.1. Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası — kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsi (bu Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesidir.
13-2.2. Torpaq sahələrinin ekvivalent bazar dəyəri konsolidasiya olunan torpaq sahələrinin alqı-satqısı zamanı formalaşan bazar qiyməti nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilir. Torpaqların konsolidasiyası nəticəsində torpaq sahəsinin bazar qiymətinin artması konsolidasiya olunmuş torpaq sahəsinin mülkiyyətçisi üçün əlavə ödəniş öhdəliyi yaratmır.
13-2.3. Torpaqların konsolidasiyası nəticəsində torpaq mülkiyyətçisinə ayrılan torpaq sahəsinin bazar qiymətinin konsolidasiyadan əvvəl malik olduğu torpaq sahəsinin bazar qiymətindən aşağı olduğu müəyyən edildikdə, aradakı fərq bu Məcəllənin 13-2.6-cı maddəsində nəzərdə tutulan qaydaya əsasən torpaq mülkiyyətçisinə kompensasiya şəklində ödənilir.
13-2.4. Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası bu Məcəllənin 13-2.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq hazırlanan konsolidasiya layihəsi əsasında həyata keçirilir. Konsolidasiya layihəsində aşağıdakılar müəyyən edilir:
13-2.4.1. mövcud torpaq sahələrinin sərhədlərinin, ölçülərinin, yerləşməsinin, bazar qiymətinin, mülkiyyət formasının və onlar üzərində mövcud olan mülkiyyət və digər əşya hüquqlarının təhlil edilməsi;
13-2.4.2. torpaq sahələrinin yeni sərhədləri, ölçüləri və yerləşmə sxeminin torpaq sahəsinin mülkiyyətçiləri ilə razılaşdırılması;
13-2.4.3. bu Məcəllənin 13-2.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq torpaq sahələrinin birləşdirilməsi, bölünməsi və dəyişdirilməsi;
13-2.4.4. konsolidasiya olunmuş torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi;
13-2.4.5. suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklər.
13-2.5. Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya tərəfindən qəbul edilir. Komissiyanın qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına dair bölgü sənədi təsdiq olunur. Bölgü sənədi konsolidasiya layihəsinin icrası nəticəsində torpaq sahələrinin sərhədlərinə, ölçülərinə, yerləşməsinə, həmin torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarına dair məlumatları, eləcə də torpaq sahələri ilə bağlı digər dəyişikliklər barədə məlumatları özündə ehtiva edir və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.
13-2.6. Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.