1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.
2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.
3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir:
müqavilənin tərəfləri;
müqavilənin növü;
müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər);
müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas);
torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər;
torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər);
torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi;
əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri;
tərəflərin öhdəlikləri.
XIX fəsil
TORPAĞIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TORPAQ HAQQININ MÜƏYYƏN EDİLMƏSİNİN ƏSASLARI