Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;

1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;

1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;

1.1.4. alınmanın təsirinə məruz qalan torpaq — bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq;

1.1.5. alınan torpaq — bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq;

1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz;

1.1.7. siyahıya alınma tarixi — bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix;

1.1.8. iddiaçı — bu Qanuna əsasən alınmanın təsirinə məruz qalan, kompensasiya iddiasında olan şəxs;

1.1.9. narahatlıq — torpağın məcburi alınması nəticəsində iddiaçının məruz qaldığı və ya onun tərəfindən çəkilmiş xərc və köçürülmə ilə bağlı, o cümlədən torpağın bu Qanunla müəyyən edilmiş qiymətinə birbaşa əsaslanmayan hər hansı pul zərəri (köçürülmə planına uyğun olaraq köçürülmə ilə bağlı tələb olunan bütün ağlabatan xərclər də nəzərə alınmaqla);

1.1.10. çətinliklərə görə kompensasiya — bu Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş kompensasiya;

1.1.11. zərərli təsir — alınan torpaqda dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi, o cümlədən layihə ilə nəzərdə tutulmuş yeni tikintinin (obyektin) inşası və (və ya) həmin tikintinin təyinatı, yaxud istifadəsi (istismarı) ilə əlaqədar alınan torpaqla yanaşı olan torpağın və ya saxlanılan (alınmayan) torpağın bazar qiymətinin və ya bərpa qiymətinin azaldılmış məbləği;

1.1.12. torpağın alınması qrupu — bu Qanunun 22-ci maddəsinə əsasən torpağın alınması prosesini həyata keçirmək üçün yaradılmış qrup;

1.1.13. bazar qiyməti — bu Qanunun 58-ci maddəsinə uyğun olaraq müəyyən edilən qiymət;

1.1.14. bərpa qiyməti — bu Qanunun 59-cu maddəsi ilə müəyyən edilən qiymət;

1.1.15. torpağa sahibliklə bağlı bildiriş — alan orqan tərəfindən bu Qanunun 46-cı maddəsinə uyğun olaraq verilən sənəd;

1.1.16. ictimai iclas — bu Qanunun 15-ci maddəsində nəzərdə tutulan iclas;

1.1.17. torpağın alınmasına dövlət ehtiyacları — torpaqların bu Qanuna əsasən alına biləcəyi, bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş hallar;

1.1.18. alqı-satqı bildirişi — iddiaçı tərəfindən bu Qanunun 48-ci maddəsinə uyğun olaraq torpağın alınması tələbi barədə alan orqana verilən sənəd;

1.1.19. köçürülmə komissiyası — bu Qanunun 40-cı maddəsinə əsasən yaradılmış komissiya;

1.1.20. köçürülmə planı — bu Qanunun 5-ci fəslində nəzərdə tutulmuş plan;

1.1.21. köçürülmə təlimatı — bu Qanunun 5-ci fəslində nəzərdə tutulmuş köçürülmə ilə bağlı təlimat;

1.1.22. saxlanılan torpaq — dövlət ehtiyacları üçün torpağın müəyyən hissəsi alındığı hallarda həmin torpağın alınmanın təsirinə məruz qalan şəxsdə saxlanılan hissəsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver