18.1. Bu Qanunun 9.2-ci maddəsinin tələbləri yerinə yetirildikdən sonra alan orqan torpağın alınması haqqında təklifi müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
18.2. Torpağın alınması haqqında təklif aşağıdakıları əhatə etməlidir:
18.2.1. torpağın alınması zəruriliyinin əsaslandırılmasını;
18.2.2. alınmanın təsirinə məruz qala biləcək şəxslərin sayı və onların məruz qalacağı təsirin izahını;
18.2.3. alınma, habelə bununla bağlı baş verə biləcək köçürülmə ilə bağlı xərclər smetası və maliyyələşmənin mənbəyini;
18.2.4. ictimai iclaslara dair hesabat, o cümlədən alınma ilə bağlı əsas etirazlar və alan orqanın bu etirazlara münasibətini;
18.2.5. alan orqanın alınan torpaqda müvafiq layihənin icrasına başlaması üçün tələb olunan müddəti;
18.2.6. köçürülmə planının hazırlanmasının zəruri olduğu hallarda həmin planın hazırlanması üçün tələb olunan müddəti;
18.2.7. alınması təklif olunan torpağın kateqoriyaları (təyinatları) və mülkiyyət növü barədə məlumatları;
18.2.8. alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və yerdəyişməsi tələb olunduğu hallarda bu məqsədlə təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair məlumat;
18.2.9. alan orqandan yerinə yetirilməsi təmin edilməsi tələb olunan digər məsələləri.
18.3. Torpağın alınması haqqında təklifə onun yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur.
18.4. Torpağın alınması haqqında təklif müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı orqan və təşkilatlara göndərilə bilər:
18.4.1. sorğuda göstərilmiş, lakin təqdim edildiyi gündən etibarən 30 təqvim günündən çox olmayan müddətdə cavablandırılması şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı rəylərin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına və (və ya) dövlət təşkilatlarına;
18.4.2. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı hesabatı hazırlamaq məqsədilə nəzarət orqanına;
18.4.3. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, maliyyə imkanlarının təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanına və (və ya) müvafiq təşkilatlara;
18.4.4. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim edilməsi) şərti ilə, bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair təkliflər verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).
18.5. Bu Qanunun 18.4.1-ci və 18.4.3-cü maddələri ilə müəyyən edilmiş müddətdə rəy və ya hesabat müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədikdə və sorğu edilən rəyin və ya hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması barədə müraciət edilmədikdə, yaxud müraciət edildiyi təqdirdə müddətin uzadılmasından imtina olunduqda sorğu edilənin torpağın alınması təklifinə etirazının olmadığı kimi qəbul edilir.