Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən:

20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır;

20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir;

20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;

20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır;

20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır;

20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır;

20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır.

20.2. Mülkiyyətində alınan torpaq olan şəxslər torpağın alınması barədə qərarın qəbul edildiyi tarixədək torpaqda mövcud tikililərdə zəruri təmir işləri istisna edilməklə, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin torpaqda tikintiyə başlamaq və ya digər şəxsə tikintiyə başlamağa icazə vermək hüquqlarına malik deyildir və həmin tarixdən sonra torpaqda inşası başlanılmış tikilinin əvəzi ödənilmir.

20.3. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Bu Qanunun 28-ci maddəsinə əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və bu Qanunun 50.1-ci maddəsinə əsasən torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər.

20.4. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və (və ya) tikilinin sökülməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.

20.5. Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsi daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver