31.1. Torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir.
31.2. Bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı və bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulan müddət barədə məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir:
31.2.1. torpağın satın alınmasının məqsədi;
31.2.2. torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi;
31.2.3. mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.).
31.3. Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razı olduqda, bu Qanunun 31.1-ci maddəsində göstərilən bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.
31.4. Bu Qanunun 22-ci maddəsinə uyğun olaraq təşkil edilmiş torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər.
31.5. Torpağın alınması qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq təklifini qəbul etmək hüququ yoxdur.