Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 44

Maddə 44. Köçürülmə planının və ya təlimatının icrası

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

44.1. Köçürülmənin növündən və köçürüləcək şəxslərin sayından asılı olaraq köçürülmə planının və ya təlimatının icrası ilə bağlı aşağıdakı tədbirlər yerinə yetirilir:

44.1.1. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerdə (ərazidə) məskunlaşmış şəxslərin (yerli sakinlərin) mövcud olduğu hallarda, onlar arasında köçürülmə zamanı və köçürülmədən sonra yarana biləcək hər hansı mübahisələri həll etmək və ahəngdar mühiti təmin etmək üçün köçürülmə komissiyası tərəfindən mütəmadi iclaslar təşkil edilir;

44.1.2. alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslər köçənədək (köçürülənədək) onlar üçün yaşayış yerinin, yaşayış sahəsinin, kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizat, məişət tullantılarının daşınması və s.), habelə yol və digər infrastruktur obyektlərinin hazırlanması təmin edilir;

44.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə yeni yaşayış yerlərinə köçmələri tələb olunan tarixə azı 60 gün qalmış müvafiq bildiriş təqdim edilir;

44.1.4. yeni yaşayış yerində (ərazisində) mövcud olan tikilinin yerində digərinin inşası və ya yenidən qurulması tələb olunduqda alınmanın təsirinə məruz qalan şəxslərə həmin tikilinin müvafiq olaraq tam və ya qismən sökülməsi ilə bağlı yardım edilir;

44.1.5. alınmanın təsirinə məruz qalan şəxslərin, onların əşyalarının, mövcud olduqda tikinti materiallarının, mal-qaranın köçürülməsi üçün köçürülmənin planlaşdırıldığı gün altı saatdan artıq gözləməmək şərti ilə köçürülmə zəruri sayda nəqliyyat vasitələri ilə təmin edilir;

44.1.6. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerə (əraziyə) yerdəyişmə zamanı və ondan sonra köçürülmə ilə bağlı yaranmış problemləri və mübahisələri həll etmək üçün həmin şəxslərə torpağın alınması qrupları və digər şəxslər tərəfindən məsləhət və yardım təmin edilir;

44.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir;

44.1.8. müəyyən müddətdə mütəmadi əsaslarla kompensasiya kimi ödəniləcək hər hansı pul məbləğlərinin və digər xərclərin ödənilməsi ilə bağlı tədbirlər həyata keçirilir və alınmanın təsirinə məruz qalan şəxslərə izah edilir;

44.1.9. alan orqanın köçürülmə komissiyası ilə razılaşdırdığı digər məsələlərin həlli təmin edilir.

44.2. Bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və onlara məxsus tikililərin sökülməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver