52.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.
52.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir:
52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının;
52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının;
52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.
52.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər:
52.3.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə zidd olması;
52.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;
52.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması;
52.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması;
52.3.5. bu Qanunla müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.
52.4. Torpağın alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş bütün sənədlər, yerquruluşu xəritələri və ya onların zəruri hissəsi məhkəmədə nəzərdən keçirilir.
52.5. Tərəflər, yaxud onların nümayəndələri kompensasiyanın ödənilməsi haqqında razılığa gəldikdə və həmin razılıq yazılı formada hazırlanıb bütün tərəflər tərəfindən imzalandıqda kompensasiyanın ödənilməsi həmin müqavilə bağlandıqdan və imzalandıqdan sonra istənilən vaxt təsdiq olunmaq üçün məhkəməyə təqdim oluna bilər və bu zaman kompensasiyanın ödənilməsinin məhkəmə tərəfindən təsdiqi heç bir məhkəmə araşdırılması aparılmadan həyata keçirilir.
52.6. Alınmanın təsirinə məruz qalan hər hansı şəxs alan orqanın və ya qrupun, habelə onların vəzifəli şəxslərinin torpağın alınması ilə əlaqədar hüququn verilməsi və ya kompensasiyanın ödənilməsi, yaxud köçürülmə və digər məsələlərlə bağlı müvafiq olaraq qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.
52.7. Bu maddənin heç bir müddəası ərizəçi və alan orqan tərəfindən mübahisələrin alternativ həlli mexanizmlərinin istifadəsinin və ya həmin mübahisənin həll edilməsi ilə bağlı razılıq əldə edilməsinə digər üsullarla nail olunmasının qarşısını almaq üçün tətbiq edilmir.
52.8. Torpaq üzərində hüquqların alınma prosedurlarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz.