Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
torpaqların münbitliyi - torpağın əlverişli morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji şəraitdə bitkiləri qida elementləri, rütubət ehtiyatı və onların həyatı üçün digər vacib maddələrlə müntəzəm təmin etmə qabiliyyəti;
torpaqların münbitliyinin təmin olunması - torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində həyata keçirilən hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemi;
torpaqların münbitliyinin bərpası - təbii və antropogen proseslərin zərərli təsiri nәticәsindә torpaqların itirilmiş münbitliyini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilən aqrotexniki, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirlər sistemi;
torpaqların münbitliyinin artırılması - düzgün becərilməməsi nəticəsində təbii münbitliyi aşağı düşmüş torpaqların münbitliyinin yüksəldilməsi sahəsində aparılan aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirlər sistemi;
torpaqların münbitliyinin mühafizəsi - hazırda təsərrüfat dövriyyəsində olan, habelə münbitliyi bərpa edilmiş və yaxşılaşdırılmış torpaqların münbitliyinin qorunub saxlanmasına yönəldilmiş aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirlər sistemi;
torpaqların çirklənməsi - insanların sağlamlığına, ətraf mühitə və torpağın münbitlik xassələrinə zərərli təsir göstərəcək miqdarda müxtəlif mənşəli kimyəvi birləşmələrin, ağır metalların, radioaktiv elementlərin, tullantıların, patogen və digər zərərli orqanizmlərin torpaqlarda toplanma prosesi;
əkin yeri - torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri.